Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Avropa İttifaqının rəhbərliyinin diqqətinə çatdırılacaq

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Avropa İttifaqının rəhbərliyinin diqqətinə çatdırılacaq
# 29 oktyabr 2014 13:46 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının ölkəmizdəki səfiri Malena Mard və nümayəndəliyin əməliyyatlar şöbəsinin müdiri Yerun Villemslə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M.Mard qrant və QHT-lər haqqında qanuna edilən əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat almaq və bəzi suallara aydınlıq gətirilməsini istədiyini bildirib.

O, qəbul edilmiş yeniliklərin Avropa İttifaqının donor kimi bundan sonrakı fəaliyyətinə mümkün təsirləri haqqında A.Quliyevin fikirlərini öyrənib. A.Quliyev əlavə və dəyişikliyin donor institutlarının təklif etdiyi resurslardan səmərəli istifadə, şəffaflıq və aşkarlıq prinsiplərinin tam bərqərar olması, sui-istifadə hallarına yol verilməməsi və milli təhlükəsizliyimizə ola biləcək mümkün təhdidlərin vaxtında qarşısının alınması məqsədilə həyata keçirildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan əsas tərəfdaşı olan Avropa İttifaqı ilə mövcud əməkdaşlığı davam etdirməkdə maraqlıdır. M.Mard isə 2014-2017-ci illər üzrə Avropa İttifaqının 3 əsas prioritet sahə - regional və yerli inkişafa yardım, ədliyyə sektorunda islahatlara dəstək, təhsil və təcrübənin artırılması üzrə ölkəmizlə yaxından əməkdaşlıq etməyi nəzərdə tutduqlarını söyləyib.

A.Quliyev İnsan hüquqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa olunması haqqında da danışıb, bu faktın Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini və bunun qarşılıqlı xarakter daşıdığını göstərdiyini bildirib. O, İşçi Qrupunun qəbul etdiyi mühüm qərarlara diqqəti çəkərək, Avropa İttifaqının ölkəmizdəki səfirinin bu prosesə dəstək verməsinin faydalı olduğunu qeyd edib. Şura sədri təəssüflə qeyd edib ki, bəzi şəxslər və dairələr bu İşçi Qrupunun yaranmasından və vətəndaş cəmiyyətinin gündəliyində olan məsələlərin həlli perspektivindən narahat olaraq onun işinə kölgə salmağa və ictimai etimadını zədələməyə cəhd edirlər. İnsan hüquqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa olunmasını Avropa Şurasının baş katibi Yaqland tərəfindən yüksək qiymətləndirildiyini xatırladan M.Mard Avropa İttifaqının bu işə yaxından dəstək verməyə hazır olduğunu açıqlayıb.


A.Quliyev görüşdə Ermənistanın işğalçı qüvvələri tərəfindən iki mülki azərbaycanlının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğulduqları Kəlbəcər rayonunu ziyarət edən zaman girov götürülməsi və onlar üzərində oyuncaq məhkəmə qurulmasını insan hüquqlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi M.Mardın diqqətinə çatdırıb. Şura sədri bu qanunsuzluğa və insanlıq əleyhinə törədilmiş cinayətə Avropa İttifaqının biganə qalmasının və adekvat reaksiya verməməsinin qəbuledilməz olduğunu bildirib və girovların azad edilməsi üçün rəsmi İrəvana təzyiq edilməsinin vacibliyini Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırmağı səfirdən xahiş edib. A.Quliyev 2015-ci ildə Ermənistanın Avronest Parlament Assambleyasının illlik sessiyasına ev sahibliyi etməsi məsələsinə də toxunaraq, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyən işğalçı dövlətin və Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina edən bir ölkənin buna hüquqi və mənəvi haqqının çatmadığını vurğulayıb. A.Quliyev eyni zamanda Şuranın Bakıda və rayonlarda yaratmaq istədiyi QHT-lər üçün Resurs və Təlim Mərkəzinin qurulması və fəaliyyəti ilə əlaqədar Aİ-ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib. M.Mard öz növbəsində azərbaycanlı girovlarla bağlı məsələnin Avropa İttifaqının rəhbərliyinin diqqətinə çatdıracağını və vətəndaş cəmiyyətinin inkişafı üçün konkret təkliflərlə bağlı müzakirələrin davamlı aparılmasına tərəfdar olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR