Türkiyədə azərbaycanlı alimin həmmüəllifi olduğu kitab çapdan çıxıb

Türkiyədə azərbaycanlı alimin həmmüəllifi olduğu kitab çapdan çıxıb
# 01 oktyabr 2014 10:57 (UTC +04:00)

Bakı - APA. Türkiyədə azərbaycanlı alimin həmmüəllifi olduğu və kəşfiyyat orqanlarından bəhs edən kitab çapdan çıxıb. APA-nın məlumatına görə, Türkiyənin “Kripto” nəşriyyatında çap olunan “İstihbarat örgütləri” adlı kitabda dünyanın böyük ölkələrinin kəşfiyyat qurumlarının fəaliyyətləri analiz edilib.

Kitabın həmmüəlliflərindən biri Karabük Universitetinin iqtisadi və idarəetmə elmləri fakültəsinin azərbaycanlı müəllimi, dosent Ələsgər Ələsgərlidir. Türkiyədə bu səpkidə ilk dəfə çap edilən kitabla bağlı APA-ya açıqlama verən dosent Ələsgər Ələsgərli deyib ki, bu nəşr strategiya üzrə tanınmış mütəxəssis, beynəlxalq münasibətlər, terrorizm və siyasət elmi sahəsində bir çox qiymətli tədqiqatlara imza atmış hörmətli professor Ümid Özdağın tərtibat və redaktəsində çapdan çıxıb: “Kitabda ABŞ, Rusiya Federasiyası, İngiltərə, Çin, İran, İsrail və Almaniyanın xüsusi xidmət orqanlarının təşkilati strukturları, iş prinsipləri və fəaliyyətləri işıqlandırılıb. Kitab sadəcə, peşəkar kəşfiyyatçılar, elm adamları və düşüncə qurumları üçün nəzərdə tutulmadığına görə, sadə dildə yazılıb. Burada məqsəd hər bir oxucunun kitabı oxuyarkən rahat şəkildə anlaya bilməsidir. Kitabda böyük ölkələrin kəşfiyyat təşkilatlarının qısa tarixi, əsas iş prinsipləri, təşkilati strukturları, təşkilatların maraq dairələri və başlıca fəaliyyət obyektləri, Türkiyə əleyhinə apardıqları işlər işıqlandırılıb”.

Karabük Universitetinin dosenti Ələsgər Ələsgərli “İstihbarat örgütləri” kitabının Azərbaycanda da maraqla qarşılanacağına inandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR