"DəmirBank” ASC keçmiş əməkdaşının həbsinə münasibət bildirib

"DəmirBank” ASC keçmiş əməkdaşının həbsinə münasibət bildirib
# 23 iyul 2014 12:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” ASC keçmiş əməkdaşı ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Bankdan “APA-Economics”ə daxil olan məlumatda deyilir: “Mətbuatda “DəmirBank” ASC-nin Sumqayıt filialının keçmiş müdir müavini Cabir Sultanovun hərəkətləri ilə bağlı yayılmış məlumatla əlaqədar bildirmək istərdik ki, həmin şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntusuna yol verməsi iddiası təbii ki, Bankın rəhbərliyi tərəfindən dərin təəssüf hiss ilə qarşılanır və bu kimi halların təkrarlanmaması üçün gündəlik əməliyyatlara ciddi nəzarət olunur və mütəmadi daxili yoxlamalar həyata keçirilir”.

Bankdan bildirilib ki, qeyd olunan halla bağlı vaxtında aparılmış daxili araşdırmadan sonra ilk növbədə zərərçəkmiş şəxsə dəymiş ziyan Bank tərəfindən dərhal ödənilib. Həmçinin, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən faktla bağlı cinayət işi başlanıb və nəticədə “DəmirBank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), əməliyyatçı xəzinədar Səidə Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR