Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Bank Respublika”nın aktivlərinin həcmi 493,011 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,28% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 13,95% artaraq 301,232 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 14,91% artaraq 323,092 mln. manata çatıb. Bu ilin oktyabr ayının 1-nə əhalinin əmanətlərinin həcmi isə 131,540 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 17,90% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 9,35% artaraq 64,460 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 37 mln. 461 min manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 15,39% artaraq 49,376 mln. manata çatıb.
Hazırda bankın ölkə üzrə 32 filialı, 56 bankomatı, 787 POS-terminalı fəaliyyət göstərir.