“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı başa çatıb

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı başa çatıb
# 18 mart 2015 19:50 (UTC +04:00)

Bakı – APA. Martın 18-də Heydər Əliyev Sarayında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, mərasimdə IV Beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Festival martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən reallaşıb. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Nazir bu musiqi bayramı barədə danışaraq festival çərçivəsində elmi simpozium, gənc ifaçıların beynəlxalq muğam müsabiqəsi, paytaxt və 7 bölgədə silsilə konsertlər təşkil edildiyini diqqətə çatdırıb. Ə.Qarayev ənənəvi olaraq keçirilən bu festivalda iştirak edən yeni simaların, ifaçıların Azərbaycan xalqının böyük xəzinəsi olan muğam sənətinə öz dəyərli töhfəsini verəcəyinə əmin olduğunu söyləyib.

Sonra “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilmiş muğam müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qeyd edək ki, müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər qatılıb.

Solo muğam ifaçılığı üzrə müsabiqədə azərbaycanlı xanəndə Aytən Məhərrəmova və İrandan İsa Şoxri birinci, İlkhom İsmoilov (Özbəkistan) və Orxan Hüseynli (Azərbaycan) ikinci, “Lamekan ansamblı” (Belçika/Türkiyə) və “Gerbi Diyar Küyşiliri” qrupu (Çin) üçüncü yerlərə layiq görülüblər. İnstrumental muğam ifaçılığı üzrə birinci yeri Azərbaycandan Aygül Həsənova (qanun), ikinci yerləri İordaniyadan Tareq Cundi (ud) və həmyerlimiz Zərqələm Cəfərova (kamança), üçüncü yeri isə təmsilçimiz Tofiq Məmmədov (tar) tutub. Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Həmçinin İrandan gələn xanəndə İbrahim Qulami, Tacikistandan Sitora Karamatullo və həmyerlimiz Xətai Hacıyev müsabiqənin xüsusi mükafatına layiq görülüblər. Qeyd edək ki, “Qran-pri” mükafatı heç kimə təqdim edilməyib.

Sonda qaliblərin iştirakı ilə qala-konsert keçirilib. Qaliblərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib. Gecədə, həmçinin bəstəkar Ruslan Ağababayevin “Heydərbaba” kantatasının premyerası olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR