Bakıda keçirilən iqlim konfransları Türkiyə üçün möhkəm zəmin formalaşdırıb.
APA xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.
Onun sözlərinə görə, Bakının iqlim gündəmi bir konfransla məhdudlaşmır.
“2035-ci ilədək hər il ən azı 300 milyard dollar iqlim maliyyəsinin səfərbər olunmasını və ümumi maliyyənin 1,3 trilyon dollara çatdırılmasını nəzərdə tutan yol xəritəsi Bakıda bu şəkildə formalaşdırılıb. Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarının qaydaları da məhz burada müəyyənləşdirilib. Bu miras Antalya istiqamətində bizim üçün möhkəm zəmin formalaşdırıb. Azərbaycana bu baxımdan təşəkkür edirəm”, - Fatma Varank qeyd edib.