Bank Of Baku

Muxtar Babayev: İqlim amilləri gündəlik bank və investisiya qərarlarının tərkib hissəsi olmalıdır

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 09 sentyabr 2026 14:36 (UTC +04:00)

İqlim dəyişikliyi artıq investisiya modellərini, biznesin rəqabət qabiliyyətini və iqtisadiyyatların strukturunu dəyişdirir.

APA xəbər verir ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

O bildirib ki, iqlim hədəfləri real iqtisadiyyatda qəbul edilən qərarlar vasitəsilə həyata keçirilir: “Dünya Bankının məlumatlarına görə, inkişaf etməkdə olan iqtisadiyyatlarda özəl sektor iş yerlərinin 90 faizini, investisiyaların 75 faizini və iqtisadi istehsalın 70 faizindən çoxunu təmin edir.

Bu səbəbdən özəl sektorun rolu fundamental əhəmiyyət daşıyır. Bir çox bərpa olunan enerji və elektrikləşdirmə texnologiyaları artıq kommersiya baxımından əlverişli və rəqabətqabiliyyətlidir. Lakin sement, polad, kimya sənayesi, aviasiya və gəmiçilik sektorlarında bir çox həllər hələ də çox bahalıdır, böyük infrastruktur tələb edir və ya kommersiya baxımından kifayət qədər yetkinləşməyib və geniş miqyasda tətbiq olunmur. Artıq işləyən həlləri tətbiq etməli, həllərin hələ inkişaf mərhələsində olduğu sahələrdə isə innovasiyanı və texnologiya transferini sürətləndirməliyik”.

Prezidentin nümayəndəsi qeyd edib ki, maliyyələşmə qarşıdakı problemin miqyasını göstərir: “Sadəcə olaraq daha çox özəl maliyyə tələb etmək vəziyyəti dəyişməyəcək. Özəl kapital risk və gəlirlilik amillərini nəzərə alaraq hərəkət edir. Layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq üçün zəmanətlərə, qarışıq maliyyələşməyə (blended finance) və risklərin bölüşdürülməsinə ehtiyacımız var.

Banklar da iqlim maliyyələşməsini öz əsas fəaliyyətlərinin bir hissəsinə çevirməlidirlər. İqlim amilləri gündəlik bank və investisiya qərarlarının tərkib hissəsi olmalıdır. İqlim siyasəti getdikcə ticarət və sənaye siyasəti ilə də əlaqələndirilir. Müxtəlif ölkələrin maliyyə, texnologiya və infrastruktura çıxış imkanları fərqlidir.

Yüksək standartlar transformasiyanı dəstəkləməklə yanaşı, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün imkanları da genişləndirməlidir. Texnologiya əlçatan qiymətə, əlçatan şəkildə və geniş miqyasda tətbiq olunmağa hazır olmalıdır. İqlim fəaliyyəti inkişafı dəstəkləməlidir. Keçid prosesi böyük həcmdə texnologiya, əlçatan maliyyə və proqnozlaşdırıla bilən siyasət tələb edir. İqlim fəaliyyətinin rəqabət qabiliyyətini və dayanıqlı artımı məhz bu şəkildə təmin etmək mümkündür. COP31-ə doğru irəliləyərkən biznesdən ehtiyac duyduğumuz töhfə də məhz budur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR