Bank Of Baku

Təhsilin rəqəmsal gələcəyi: Süni intellekt öyrənmə modelini necə dəyişəcək? – TƏHLİL

Təhsilin rəqəmsal gələcəyi: Süni intellekt öyrənmə modelini necə dəyişəcək? – TƏHLİL
# 07 iyul 2026 13:08 (UTC +04:00)

Azərbayanda təhsilin rəqəmsal transformasiyası artıq yalnız texnologiyanın məktəblərə gətirilməsi ilə məhdudlaşmır. Dünyada sürətlə inkişaf edən süni intellekt texnologiyaları tədris metodlarını, müəllimin rolunu, qiymətləndirmə mexanizmlərini və bütövlükdə təhsil modelini yenidən formalaşdırır. Bu proses fonunda Azərbaycan da rəqəmsal inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biri elan edib və təhsil sisteminin bu transformasiyaya hazırlanması üçün ardıcıl addımlar atır.

Bir neçə il əvvələ qədər süni intellekt əsasən texnologiya şirkətlərinin, proqramçıların və elmi tədqiqatçıların müzakirə etdiyi mövzu hesab olunurdu. Bu gün isə AI gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar mətn yazır, xarici dil öyrənir, proqram kodu hazırlayır, tibbi məlumat axtarır, hüquqi sənədləri təhlil edir və bütün bunları süni intellekt platformalarının köməyi ilə həyata keçirirlər. Bu dəyişiklik təhsil sistemini də yeni reallıqla üz-üzə qoyur.

Əgər internet məktəblərə məlumatı daha əlçatan etmişdisə, süni intellekt həmin məlumatın necə öyrənildiyini dəyişməyə başlayıb. Artıq söhbət sadəcə elektron dərsliklərdən və ya onlayn platformalardan getmir. AI hər bir şagirdin fərdi öyrənmə tempinə uyğun məzmun hazırlaya, müəllimlərin iş yükünü azalda, qiymətləndirməni daha obyektiv edə və tədris prosesini real vaxt rejimində təhlil edə bilir. Bu isə təhsil sisteminin yalnız texniki baxımdan deyil, metodoloji və fəlsəfi baxımdan da yenilənməsini zəruri edir.

Bu qlobal transformasiya Azərbaycanda da dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılmasında məqsəd rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid şəkildə həyata keçirilməsini təmin etmək, müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək və ölkənin rəqəmsal inkişafını sürətləndirməkdir. Fərmanla Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın sədri təyin olunub, eyni zamanda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib. Bu sənəddə süni intellekt, innovasiya ekosistemi, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və insan kapitalının inkişafı dövlətin əsas strateji istiqamətləri kimi müəyyənləşdirilib.

Bu siyasətin praktiki icrası istiqamətində növbəti mühüm addım iyunun 29-da atılıb. Həmin gün Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

İclasda çıxış edən Mehriban Əliyeva bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi tapşırıqlara uyğun olaraq qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən konkret yol xəritəsi hazırlanıb. Onun sözlərinə görə, Şuranın əsas vəzifəsi dövlət qurumlarının fəaliyyətini koordinasiya etmək, vahid yanaşma formalaşdırmaq və qəbul olunan qərarların vaxtında, səmərəli icrasını təmin etməkdir. Birinci vitse-prezident vurğulayıb ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də innovasiya əsaslı iqtisadiyyatın inkişafı, yerli startapların dəstəklənməsi, investisiyaların cəlb edilməsi və daha səmərəli dövlət idarəetmə modelinin qurulmasıdır.

Şuranın ilk iclasında təhsil sektoru rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biri kimi təqdim olunub. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda ölkədə təhsil müəssisələrinin vahid internet şəbəkəsinə qoşulması, "Rəqəmsal məktəb" layihəsinin genişləndirilməsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşdırılması və təhsil sənədlərinin elektronlaşdırılması istiqamətində işlər davam etdirilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

Nazir qeyd edib ki, növbəti mərhələdə əsas hədəf məhz tədrisin rəqəmsallaşdırılması olacaq. O, məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələrinin genişləndirilməsinin şagirdlərin süni intellekt dövrünün tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycanda təhsilin rəqəmsallaşdırılması artıq ayrı-ayrı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır. Dövlət səviyyəsində qəbul olunan qərarlar göstərir ki, məqsəd məktəblərin sadəcə kompüter və internetlə təmin olunması deyil, süni intellekt və rəqəmsal texnologiyaların tədris prosesinə sistemli şəkildə inteqrasiyası, gələcəyin əmək bazarına uyğun insan kapitalının formalaşdırılması və təhsil sisteminin yeni texnoloji dövrün çağırışlarına uyğun yenidən qurulmasıdır.

Lakin əsas məsələ texnologiyanın mövcudluğu deyil. Əsas sual ondan ibarətdir ki, AI tədrisin keyfiyyətini necə dəyişəcək? Müəllimin rolu necə transformasiya olunacaq? Qiymətləndirmə sistemi hansı istiqamətdə inkişaf edəcək? Şagirdlər daha effektiv öyrənəcəklər, yoxsa texnologiyadan asılılıq artacaq? Bu suallar artıq gələcəyin deyil, bugünkü təhsil siyasətinin əsas müzakirə mövzularına çevrilib.

Eyni sinif, fərqli ehtiyaclar: niyə ənənəvi model artıq kifayət etmir?

🔴 Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri  arasında kütləvi yoxlamalara start verilib. 📍Yoxlamalar əsasən Abşeron,  Sumqayıt və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.  ‼️Mühafizə əməkdaşları ...

Müasir məktəblərin qarşılaşdığı əsas problemlərdən biri bütün şagirdlərə eyni yanaşmanın tətbiq edilməsidir. Onilliklər ərzində formalaşmış ənənəvi model müəllimin eyni mövzunu bütün sinfə izah etməsi, bütün şagirdlərin eyni dərslikdən istifadə etməsi, eyni tapşırıqları yerinə yetirməsi və eyni vaxtda qiymətləndirilməsi prinsipi üzərində qurulub.

Lakin təhsil psixologiyası və pedaqoji tədqiqatlar göstərir ki, insanlar eyni şəkildə öyrənmirlər. Onların öyrənmə sürəti, qavrama xüsusiyyətləri, maraq dairələri, motivasiyası və məlumatı mənimsəmə üsulları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi şagirdlər mövzunu bir izahla mənimsədiyi halda, digərlərinə əlavə nümunələr, vizual materiallar və ya daha çox təkrar lazımdır.

Ənənəvi sinif modelində müəllimin eyni vaxtda 25-30 şagird üçün fərqli tədris üsulu hazırlaması praktik baxımdan mümkün deyil. Məhz bu məhdudiyyət fərdiləşdirilmiş öyrənmə modellərinin inkişafını zəruri edib.

Süni intellekt bu problemin həllinə yeni yanaşma təklif edir. AI əsaslı platformalar şagirdlərin fəaliyyətini davamlı izləyə, onların hansı mövzularda çətinlik çəkdiyini, hansı tapşırıqları daha sürətlə yerinə yetirdiyini və hansı bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac olduğunu müəyyən edə bilir. Toplanan məlumatlar əsasında sistem hər bir şagird üçün fərdi öyrənmə üsulu formalaşdırır.

Son illər dünyanın aparıcı təhsil sistemlərində geniş tətbiq olunan "Personalized Learning" – fərdiləşdirilmiş öyrənmə modeli də məhz bu prinsipə əsaslanır. Burada məqsəd bütün şagirdləri eyni nəticəyə çatdırmaq deyil, hər birinin potensialını maksimum səviyyədə inkişaf etdirməkdir.

Təhsil idarəçiliyi, liderlik və məktəb inkişafı üzrə ekspert Aida Tinayeva hesab edir ki, fərdiləşdirilmiş öyrənmə, əslində, yeni anlayış deyil. Süni intellekt, sadəcə, bu ideyanın praktik tətbiqini daha real edir.

Aida Tinayeva, təhsil idarəçiliyi, liderlik və məktəb inkişafı üzrə ekspert

Onun sözlərinə görə, fərdiləşdirilmiş öyrənmə uzun illərdir təhsilin əsas hədəflərindən biridir: "Süni İntellekt şagirdin öyrənmə sürətini, çətinliklərini və ehtiyaclarını analiz edərək müəllimə daha əsaslandırılmış pedaqoji qərarlar verməyə kömək edə bilər".

Ekspert, bununla yanaşı, xəbərdarlıq edir ki, AI məktəblərə yalnız texnologiya kimi gətirilməməlidir. Onun sözlərinə görə, tətbiqdən əvvəl hər bir məktəbin hazırlıq səviyyəsi ayrıca qiymətləndirilməlidir: "Əvvəlcə məktəbin hazırlıq səviyyəsi qiymətləndirilməlidir: müəllimlərin və məktəb liderlərinin rəqəmsal bacarıqları, məktəbin texnoloji resursları, şagirdlərin yaşı və öyrənmə ehtiyacları nəzərə alınmalıdır".

Bu yanaşma onu göstərir ki, AI-nin təhsildə uğuru, ilk növbədə, texnologiyanın imkanlarından deyil, məktəbin həmin texnologiyadan istifadə etməyə nə dərəcədə hazır olmasından asılıdır. İnfrastruktur, müəllim hazırlığı və idarəetmə bacarıqları kifayət qədər inkişaf etmədiyi halda, ən müasir texnoloji həllər belə gözlənilən nəticəni verməyə bilər.

Aida Tinayevanın fikrincə, müəllimlər və məktəb rəhbərləri AI-dən səmərəli istifadə üçün kifayət qədər hazır deyilsə, texnologiyanın tətbiqi təhsildə gözlənilən transformasiyanı təmin etməyəcək: "Əgər müəllimlər və məktəb liderləri AI-dən səmərəli istifadə üçün kifayət qədər hazır deyilsə, onun tətbiqi təhsildə real transformasiya yaratmayacaq. AI məqsəd deyil, məktəbin real ehtiyaclarına cavab verən, müəllim və məktəb liderlərinin peşəkar qərarverməsini gücləndirən vasitə olmalıdır".

Ekspertin yanaşması daha geniş bir prinsipə diqqət çəkir: məktəblərin hamısı eyni olmadığı kimi, onların rəqəmsallaşma ehtiyacları da eyni deyil. Buna görə də AI tətbiqləri standart layihə kimi deyil, konkret təhsil müəssisəsinin problemlərinə və inkişaf məqsədlərinə uyğun həll kimi nəzərdən keçirilməlidir.

Süni intellekt müəllimin rəqibi deyil, onun üçün yeni iş alətidir

Müəllimlər üçün süni intellekt təlimlərinə start verilir - Muallim.edu.az

Süni intellektlə bağlı ən geniş yayılmış müzakirələrdən biri müəllim peşəsinin gələcəyi ilə bağlıdır. AI-nin inkişafı fonunda tez-tez müəllimlərin gələcəkdə texnologiya ilə əvəz olunacağı barədə fikirlər səsləndirilir. Lakin beynəlxalq təcrübə tamamilə fərqli mənzərə ortaya qoyur.

Dünyanın aparıcı universitetləri və məktəbləri AI-ni müəllimin alternativi kimi deyil, onun peşəkar fəaliyyətini dəstəkləyən alət kimi tətbiq edirlər. Bunun əsas səbəbi müəllim fəaliyyətinin yalnız bilik ötürməkdən ibarət olmamasıdır.

Müasir müəllimin iş vaxtının əhəmiyyətli hissəsi inzibati proseslərə sərf olunur. Testlərin yoxlanılması, qiymətləndirmələrin sistemə daxil edilməsi, hesabatların hazırlanması, statistik məlumatların təhlili və tədris materiallarının hazırlanması dərs prosesinə ayrılan vaxtı azaldır.

Süni intellekt məhz bu proseslərin əhəmiyyətli hissəsini avtomatlaşdıra bilir. AI qısa cavablı testləri saniyələr ərzində yoxlaya, şagirdlərin hansı mövzuda daha çox səhv etdiyini müəyyən edə, dərs planları və əlavə tapşırıqlar hazırlaya, hətta sinif üzrə ümumi analitik hesabatlar formalaşdıra bilər.

Beləliklə, müəllim gündəlik texniki işlərə deyil, şagirdlə fərdi işləməyə, müzakirələr aparmağa, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə və yaradıcı öyrənmə mühiti formalaşdırmağa daha çox vaxt ayıra bilir.

Bu səbəbdən bir çox beynəlxalq ekspert gələcəyin müəllimini məlumat ötürən şəxs deyil, öyrənmə prosesini təşkil edən mentor kimi təsvir edir.

Aida Tinayeva da hesab edir ki, süni intellektin əsas funksiyası müəllimi əvəz etmək deyil, onun peşəkar qərarvermə imkanlarını genişləndirməkdir: "Süni intellektin məqsədi müəllimi əvəz etmək deyil, onun peşəkar fəaliyyətini gücləndirməkdir. OECD, UNESCO və UNICEF də AI tətbiqlərində insan nəzarətinin və peşəkar mühakimənin qorunmasını vacib hesab edir”.

Ekspert qeyd edir ki, müəllimin funksiyası yalnız bilik ötürməkdən ibarət deyil və məhz bu səbəbdən onun rolu texnologiya ilə əvəz edilə bilməz: "Müəllimin rolu təkcə bilik ötürmək deyil; şagirdin sosial-emosional inkişafını dəstəkləmək, etik qərarlar vermək və hər bir şagirdin ehtiyacına uyğun qərarlar qəbul etməkdir. AI peşəkar müəllim üçün güclü iş alətidir, lakin o, zəif pedaqoji təcrübəni kompensasiya edə bilməz, yalnız mövcud keyfiyyəti gücləndirir”.

Bununla yanaşı, ekspert AI-dən istifadə zamanı nəzərə alınmalı mühüm bir riskə də diqqət çəkir. Onun fikrincə, texnologiyanın təqdim etdiyi ilk cavabın sorğulanmadan qəbul edilməsi şagirdlərin düşünmə vərdişlərinə mənfi təsir göstərə bilər.

"Bu, şagirdləri yalnız bir düzgün cavab axtarmağa sövq edir və alternativ ideyalar irəli sürmək, fərqli baxış bucaqları inkişaf etdirmək kimi yaradıcı düşünmə bacarıqlarını zəiflədə bilər. Məhz buna görə AI bizə cavab təklif etsə də, hansı cavabın konkret şagird, sinif və kontekst üçün daha uyğun olduğuna qərar vermək yenə də müəllimin peşəkar mühakiməsidir”, - deyə ekspert qeyd edib.

Təhsildə məlumat yeni strateji resursa çevrilir

Mehriban Vəliyeva: “Rəqəmsal məktəb” təhsildə rəqəmsal transformasiyanın  fundamental mərhələsidir - Muallim.edu.az

Rəqəmsallaşma çox vaxt elektron dərsliklər, onlayn platformalar və ya rəqəmsal xidmətlərlə əlaqələndirilir. Halbuki bu prosesin təhsil sisteminə gətirdiyi ən mühüm dəyişikliklərdən biri məlumatın (data) strateji resursa çevrilməsidir. Rəqəmsal təhsil mühitində hər bir elektron jurnal, onlayn qiymətləndirmə, davamiyyət sistemi və öyrənmə platforması milyonlarla məlumat yaradır. Bu məlumatlar düzgün təhlil edildikdə təkcə ayrı-ayrı şagirdlərin deyil, bütövlükdə məktəbin və təhsil sisteminin fəaliyyəti haqqında daha dəqiq mənzərə formalaşdırmaq mümkün olur.

Əvvəllər məktəb rəhbərliyi və qərarvericilər, əsasən, ilin sonunda təqdim olunan ümumi statistik göstəricilərə əsaslanırdı. Bu yanaşma problemlərin yalnız baş verdikdən sonra müəyyən edilməsinə imkan verirdi. Müasir məlumat analitikası isə vəziyyəti real vaxt rejimində izləməyə və erkən müdaxilə imkanları yaratmağa imkan verir.

Beləliklə, artıq yalnız yekun qiymətlər deyil, öyrənmə prosesinin özü də təhlil obyektinə çevrilir. Məlumatlar vasitəsilə hansı mövzuların daha çətin mənimsənildiyini, hansı şagirdlərin əlavə dəstəyə ehtiyac duyduğunu, hansı müəllim metodlarının daha yüksək nəticə verdiyini və hətta hansı şagirdlərin məktəbi vaxtından əvvəl tərk etmək riski daşıdığını müəyyənləşdirmək mümkündür.

Məhz buna görə son illərdə inkişaf etmiş ölkələrin təhsil siyasətində "Data-driven education" – məlumatlara əsaslanan qərarvermə anlayışı ön plana çıxıb. Bu modeldə təhsil siyasəti ehtimallara və ümumi müşahidələrə deyil, real göstəricilərə söykənir.

Azərbaycanda formalaşdırılan vahid rəqəmsal təhsil ekosistemi və "Rəqəmsal məktəb" platformasında toplanan məlumatlar da gələcəkdə bu istiqamətdə mühüm potensiala malikdir. Lakin böyük həcmdə məlumatın mövcudluğu özü-özlüyündə nəticə vermir. Əsas məsələ həmin məlumatların düzgün təhlil olunması və qərarvermə prosesində səmərəli istifadə edilməsidir.

Ekspert Aida Tinayevanın fikrincə, təhsil sistemində toplanan “Big Data” ("Böyük verilənlər") müəllimlər, məktəb rəhbərləri və siyasət formalaşdıran qurumlar üçün daha əsaslandırılmış qərarlar qəbul etmək imkanı yaradır: "Təhsil sistemində toplanan

"Böyük verilənlər" müəllimlərə, məktəb liderlərinə və qərarvericilərə daha əsaslandırılmış qərarlar verməyə imkan yaradır. Məsələn, hansı mövzuların çətin mənimsənildiyini, hansı şagirdlərin əlavə dəstəyə ehtiyacı olduğunu, hansı müdaxilələrin daha effektiv nəticə verdiyini məlumatlar əsasında müəyyən etmək mümkündür”.

Ekspert hesab edir ki, süni intellektin yaratdığı əsas üstünlük yalnız mövcud vəziyyəti göstərməsi deyil, gələcək riskləri əvvəlcədən proqnozlaşdıra bilməsidir: "Ənənəvi məlumat sistemləri baş vermiş nəticələri qeydə aldığı halda, AI həmin məlumatlardan istifadə edərək qabaqlayıcı təhlil aparmaq imkanına malikdir".

O bildirir ki, ənənəvi məlumat sistemləri əsasən reaktivdir – onlar artıq baş vermiş nəticələri göstərir: Süni intellekt isə bu məlumatları təhlil edərək riskləri əvvəlcədən proqnozlaşdıra və mümkün müdaxilə variantları təklif edə bilər. Lakin bu tövsiyələr avtomatik qərara çevrilməməlidir”.

Bu məqam xüsusilə vacibdir. Çünki AI tərəfindən təqdim olunan analitik nəticələr qərar qəbul edən şəxslərin peşəkar mühakiməsini əvəz etməməlidir. Məktəblər yalnız statistik göstəricilərlə idarə olunan sistem deyil. Hər bir məktəbin sosial mühiti, müəllim heyəti, şagird kontingenti və inkişaf prioritetləri fərqlidir. Buna görə də eyni göstərici müxtəlif məktəblərdə fərqli qərarlar tələb edə bilər.

Aida Tinayeva bu baxımdan alqoritmlərə həddindən artıq etibar edilməsinin müəyyən risklər yaratdığını vurğulayır: "Risk ondan ibarətdir ki, alqoritmlərə həddindən artıq etibar məktəb rəhbərlərinin və müəllimlərin peşəkar mühakiməsini zəiflədə bilər. Təhsildə qərarlar yalnız məlumatlara deyil, hər məktəbin və hər şagirdin kontekstinə əsaslanmalıdır”.

Bu yanaşma göstərir ki, gələcəyin təhsil sistemində süni intellekt qərar qəbul edən tərəf deyil, qərarverməni daha əsaslandırılmış edən analitik dəstək vasitəsi kimi çıxış etməlidir.

Generativ AI qiymətləndirmə anlayışını da dəyişdirir

Norveç məktəblərində 6-13 yaşlılara generativ AI istifadəsi niyə qadağan  edildi? - Tech Xəbər

Süni intellektin sürətli inkişafı tədris metodları ilə yanaşı, qiymətləndirmə sistemini də yenidən düşünməyi zəruri edir. Ənənəvi qiymətləndirmə modelləri, əsasən, yekun nəticəyə – esseyə, referata, layihəyə və ya proqram koduna əsaslanırdı. Lakin generativ AI platformalarının bir neçə saniyə ərzində keyfiyyətli mətn, təqdimat və proqram hazırlaya bilməsi bu yanaşmanın etibarlılığı ilə bağlı yeni suallar yaradıb.

Bu gün dünyanın aparıcı universitetlərində və məktəblərində qiymətləndirmə tədricən nəticədən prosesə doğru dəyişir. Artıq əsas diqqət şagirdin nə yazmasına deyil, həmin nəticəyə hansı düşünmə prosesi ilə gəlib çıxmasına yönəlir.

Bu dəyişiklik layihə əsaslı öyrənmənin, şifahi təqdimatların, debatların, portfolioların, tədqiqat işlərinin və praktik tapşırıqların rolunu daha da artırır. Məqsəd AI-dən istifadəni qadağan etmək deyil, şagirdlərin texnologiyadan məsuliyyətli və məqsədyönlü istifadə etməsini öyrətməkdir.

Çünki gələcəyin əmək bazarında süni intellektdən istifadə bacarığı üstünlük hesab olunacaq. Buna görə təhsil sistemi AI-ni gizlətməyə çalışan deyil, onunla işləməyi öyrədən modelə çevrilməlidir.

Aida Tinayevanın fikrincə, generativ süni intellekt dövründə qiymətləndirmənin mərkəzində məhz öyrənmə prosesi dayanmalıdır: "Generativ süni intellekt dövründə qiymətləndirmə yalnız son nəticəyə deyil, öyrənmə prosesinə də fokuslanmalıdır. Əgər AI esse, təqdimat və ya kod hazırlaya bilirsə, artıq əsas sual “şagird nə yazıb?” deyil, “şagird bu nəticəyə necə gəlib?” olmalıdır".

Ekspert hesab edir ki, bu dəyişiklik qiymətləndirmə metodlarının da yenilənməsini tələb edir: "Bu yanaşma layihə əsaslı tapşırıqların, şifahi müdafiələrin, tədqiqat işlərinin, portfolioların və sinifdaxili performansın qiymətləndirmədə rolunu daha da artıracaq”.

Bu yanaşmanın məqsədi şagirdləri hazır cavabları təkrarlamağa deyil, araşdırmağa, müqayisə aparmağa və fərqli baxışları qiymətləndirməyə təşviq etməkdir.

Aida Tinayevanın fikrincə, məqsəd şagirdləri hazır cavabları əzbərləməyə deyil, araşdırmağa, suallar verməyə, fərqli baxışları müqayisə etməyə və mövcud bilikləri tənqidi qiymətləndirməyə təşviq etməkdir: "AI bu prosesdə cavab verən deyil, öyrənməni dəstəkləyən alət olmalıdır. AI öyrənmə prosesinin başlanğıc nöqtəsi deyil, onun sonrakı mərhələlərində istifadə olunan köməkçi vasitə rolundadır. Şagird əvvəlcə öz ideyasını formalaşdırmalı, daha sonra süni intellektdən alternativ baxışlar, əks arqumentlər, Sokratik suallar və geribildirim almaq üçün istifadə etməlidir. Əsas prinsip odur ki, düşünmə yükü AI-yə deyil, şagirdin özünə aid qalsın. Qiymətləndirmənin məqsədi AI-dən istifadəni aşkar etmək yox, AI ilə birlikdə düşünə bilən insan yetişdirmək olmalıdır”.

Bu yanaşma göstərir ki, gələcəyin qiymətləndirmə sistemi texnologiyanın istifadəsini məhdudlaşdırmağa deyil, insanın düşünmə bacarığını inkişaf etdirməyə yönələcək.

Rəqəmsal bacarıqlar anlayışı da yenidən formalaşır

Mil-Muğanda 12 mindən çox şagird Rəqəmsal bacarıqlar dərslərinə cəlb olunub  - Muallim.edu.az

Uzun illər rəqəmsal bacarıqlar dedikdə, əsasən, kompüterdən istifadə və proqramlaşdırma bilikləri nəzərdə tutulurdu. Süni intellekt dövründə isə bu anlayış əhəmiyyətli dərəcədə genişlənir.

Artıq rəqəmsal bacarıqlar yalnız İT mütəxəssisləri üçün tələb olunan kompetensiya deyil. Hüquqşünasdan həkimə, müəllimdən jurnalistə, mühəndisdən iqtisadçıya qədər demək olar ki, bütün peşələr AI əsaslı alətlərlə işləməyi tələb edir.

Lakin bu, yalnız texnologiyadan istifadə etməyi bacarmaq demək deyil. Daha vacib bacarıq düzgün suallar vermək, alınan cavabları tənqidi qiymətləndirmək, məlumatın etibarlılığını yoxlamaq və süni intellektin məhdudiyyətlərini anlamaqdır.

Bu baxımdan məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri təkcə texniki biliklərin deyil, gələcəyin əmək bazarında tələb olunacaq düşüncə tərzinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Aida Tinayeva hesab edir ki, AI-nin inkişafı əmək bazarında rəqabət meyarlarını da dəyişir: "Gələcəyin əmək bazarında ən vacib bacarıq AI-dən istifadə etməyi bacarmaq deyil, onunla birlikdə düşünə bilmək olacaq. Məktəblilər tənqidi düşünmə, araşdırma aparmaq, düzgün suallar vermək, məlumatın etibarlılığını qiymətləndirmək və AI-nin verdiyi cavabları yoxlamağı öyrənməlidirlər”.

Ekspert vurğulayır ki, AI savadlılığı yalnız texniki bacarıqlardan ibarət deyil: "AI savadlılığı yalnız prompt yazmaq deyil, onun imkanlarını, məhdudiyyətlərini və etik risklərini anlamaqdır”.

Onun fikrincə, texnologiyalar inkişaf etdikcə insanı fərqləndirən bacarıqların əhəmiyyəti daha da artacaq: "Yaradıcılıq, əməkdaşlıq, ünsiyyət, adaptasiya və sosial-emosional bacarıqlar gələcəyin əsas üstünlükləri olacaq. Çünki gələcəkdə rəqabət AI ilə deyil, AI-dən daha məqsədyönlü və məsuliyyətli istifadə edə bilən insanlarla olacaq”.

Süni intellekt təhsildə yeni imkanlarla yanaşı, yeni risklər də yaradır

Süni intellekt təhsildə fürsətdir, yoxsa risk? – Ekspert rəyi -  Muallim.edu.az

Süni intellekt təhsil sisteminin imkanlarını genişləndirsə də, onun tətbiqi yeni riskləri də gündəmə gətirir. Bu risklər yalnız texnologiyanın özündən deyil, ondan necə istifadə olunmasından da qaynaqlanır. Məhz buna görə son illər bir çox ölkədə AI-nin məktəblərdə tətbiqi texnoloji məsələ kimi deyil, eyni zamanda etik, hüquqi və pedaqoji məsələ kimi qiymətləndirilir.

İlk müzakirə olunan mövzulardan biri akademik dürüstlükdür. Generativ AI platformaları esse, referat, təqdimat və digər yazılı tapşırıqları qısa müddətdə hazırlaya bilir. Bu isə ənənəvi ev tapşırıqlarının və qiymətləndirmə üsullarının etibarlılığı ilə bağlı suallar yaradır. Bununla yanaşı, süni intellektin təqdim etdiyi məlumatlar həmişə dəqiq olmur. AI mövcud məlumatlar əsasında mətn formalaşdırdığı üçün yanlış faktlar və ya mövcud olmayan istinadlar da yarada bilər.

Digər mühüm istiqamət məlumat təhlükəsizliyi və məxfiliyin qorunmasıdır. Məktəblərdə AI əsaslı platformaların istifadəsi zamanı şagird və müəllimlərə aid şəxsi məlumatların necə toplanacağı, saxlanacağı və emal ediləcəyi artıq təhsil siyasətinin vacib komponentlərindən birinə çevrilir. Bununla yanaşı, müəllif hüquqları, alqoritmik qərəz və etik prinsiplər də AI tətbiqlərinin ayrılmaz hissəsi hesab olunur.

Lakin beynəlxalq müzakirələr göstərir ki, texnologiyanın yaratdığı ən böyük risklər yalnız bunlarla məhdudlaşmır. Daha fundamental məsələ süni intellektin insanın düşünmə vərdişlərinə necə təsir göstərə biləcəyidir. Əgər şagird bütün araşdırmaları, ümumiləşdirmələri və qərarları AI-yə həvalə edərsə, zamanla onun müstəqil təhlil, müqayisə və nəticə çıxarma bacarıqları zəifləyə bilər.

Aida Tinayeva hesab edir ki, süni intellektin yaratdığı risklərə yalnız texniki və hüquqi aspektdən yanaşmaq kifayət deyil.

Onun fikrincə, AI-nin şagirdlərin düşünmə prosesinə təsiri də xüsusi diqqət tələb edir: "Süni intellektin təhsildə əsas riskləri yalnız akademik dürüstlük, alqoritmik qərəz və məlumat təhlükəsizliyi ilə məhdudlaşmır. Xüsusilə açıq AI platformalarına şagird və müəllimlərə aid şəxsi və ya məktəbdaxili məlumatların daxil edilməsi məxfilik baxımından risk yarada bilər”.

Ekspertin sözlərinə görə, daha az müzakirə olunan, lakin uzunmüddətli perspektivdə daha ciddi nəticələr doğura biləcək təhlükələrdən biri şagirdlərin düşünmə prosesinin tədricən süni intellektə həvalə edilməsidir: "Əgər AI daim araşdırır, ümumiləşdirir və qərar verirsə, şagirdin özünün düşünmə bacarıqları kifayət qədər inkişaf etməyə bilər”.

Aida Tinayeva hesab edir ki, AI-nin təqdim etdiyi cavablar şagirdləri daha çox konvergent düşünməyə, yəni mövcud variantlar içərisində "ən düzgün" cavabı tapmağa istiqamətləndirə bilər: "Halbuki müasir təhsilin məqsədi yalnız düzgün cavabı tapmaq deyil, yeni ideyalar formalaşdırmaq, alternativ yanaşmalar inkişaf etdirmək və mövcud fikirləri tənqidi şəkildə qiymətləndirməkdir. Halbuki təhsil divergent düşünməni – yeni ideyalar yaratmağı, alternativ baxışları araşdırmağı və mövcud fikirləri sorğulamağı da inkişaf etdirməlidir”.

Bu baxımdan AI-nin təhsildə tətbiqi yalnız texnologiyanın istifadəsini deyil, onun hansı pedaqoji prinsiplərlə tətbiq olunacağını da müəyyən etməlidir.

Ekspert hesab edir ki, bu risklərin minimuma endirilməsi üçün məktəblərdə aydın istifadə qaydaları formalaşdırılmalıdır: "Bu risklərin qarşısını almaq üçün AI cavab verən sistem kimi deyil, düşünməyi təşviq edən öyrənmə aləti kimi istifadə olunmalı, məktəblərdə aydın etik qaydalar, məlumat təhlükəsizliyi standartları və müəllim hazırlığı təmin edilməlidir”.

Bu yanaşma onu göstərir ki, AI-nin təhsildə uğuru yalnız texnoloji imkanlarla deyil, eyni zamanda etik çərçivələrin, təhlükəsizlik mexanizmlərinin və müəllim hazırlığının nə dərəcədə inkişaf etdirilməsi ilə müəyyən olunacaq.

Azərbaycanın əsas çağırışı texnologiyanı tədrisin keyfiyyətinə çevirməkdir

Azərbaycanda distant təhsilə keçid üçün hazırlıq gedir | Modern.az

Son illərdə Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Rəqəmsal infrastruktur genişləndirilir, elektron xidmətlər artırılır, məlumat bazaları inteqrasiya olunur və məktəblərin rəqəmsal imkanları inkişaf etdirilir. Lakin beynəlxalq təcrübə göstərir ki, rəqəmsallaşmanın uğuru yalnız texnoloji göstəricilərlə ölçülmür.

Əsas sual məktəbdə neçə kompüterin və ya hansı platformanın olması deyil. Əsas göstərici ondan ibarətdir ki, bu texnologiyalar şagirdlərin öyrənmə nəticələrini yaxşılaşdırırmı, müəllimlərin işini daha səmərəli edirmi və təhsil sisteminin dəyişən əmək bazarına uyğunlaşmasına kömək edirmi?

Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifə rəqəmsal infrastrukturu süni intellekt əsaslı öyrənmə metodları, müəllim hazırlığı, məlumat analitikası və fərdiləşdirilmiş tədris modelləri ilə inteqrasiya etməkdir. Texnologiya yalnız təhsil prosesinin rəqəmsallaşdırılmasına deyil, onun keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.

Aida Tinayevanın fikrincə, bunun üçün ilk növbədə ölkə səviyyəsində aydın strateji yanaşma formalaşdırılmalıdır: "Azərbaycanda rəqəmsallaşmanın təhsilin keyfiyyətinə real təsir göstərməsi üçün, ilk növbədə, aydın milli strategiya və siyasət çərçivəsi formalaşdırılmalıdır. Lakin bu proses yalnız yuxarıdan aşağıya deyil, məktəblərin ehtiyaclarından çıxış edən aşağıdan yuxarıya yanaşma ilə həyata keçirilməlidir”.

Ekspert hesab edir ki, məktəblərdə AI tətbiqinin başlanğıc nöqtəsi texnologiyanın özü deyil, həmin məktəbin inkişaf ehtiyacları olmalıdır: "Əsas sual “Bu məktəbə AI lazımdırmı?” deyil, “Bu məktəbə AI nə üçün lazımdır?” olmalıdır. İlk olaraq, məktəbin mövcud vəziyyəti təhlil edilməli, hansı problemlərlə üzləşdiyi və hansı inkişaf məqsədlərinə çatmaq istədiyi müəyyənləşdirilməlidir”.

Onun sözlərinə görə, yalnız bundan sonra süni intellektin həmin məqsədlərə hansı əlavə dəyər verə biləcəyi qiymətləndirilməli, tətbiq planı hazırlanmalı, proses davamlı monitorinq olunmalı və nəticələr əsasında təkmilləşdirilməlidir: "Bir məktəbdə prioritet müəllimlərin inzibati iş yükünü azaltmaq ola bilər, digərində isə fərdiləşdirilmiş öyrənməni və ya məlumatlara əsaslanan qərarverməni gücləndirmək... Təhsildə rəqəmsallaşmanın məqsədi bütün məktəblərə eyni texnologiyanı tətbiq etmək deyil, hər məktəbin öz kontekstinə və inkişaf hədəflərinə uyğun ən doğru həlli seçməkdir”.

Bu yanaşma göstərir ki, rəqəmsallaşma vahid texnoloji layihə kimi deyil, məktəblərin fərqli ehtiyaclarını nəzərə alan çevik idarəetmə modeli kimi həyata keçirilməlidir.

Ekspert hesab edir ki, bu prosesdə texnologiya məqsəd deyil, təhsil siyasətinin həyata keçirilməsi üçün vasitə rolunu oynamalıdır: "Əvvəl məqsəd müəyyənləşdirilməli, sonra texnologiya seçilməlidir. Təhsilin məqsədləri AI-ni müəyyən etməlidir, AI təhsilin məqsədlərini yox...”

Gələcəyin məktəbini texnologiya deyil, onun tətbiq fəlsəfəsi müəyyən edəcək

Bilim Bakı”ya 13 mindən çox məktəbli cəlb olunub - AZƏRTAC

Süni intellekt təhsil sisteminin bütün komponentlərinə-öyrənmə modelinə, müəllimin roluna, qiymətləndirməyə, idarəetməyə və qərarverməyə təsir göstərmək potensialına malikdir. Lakin bu transformasiyanın uğuru AI platformalarının texniki imkanlarından deyil, təhsil siyasətinin həmin imkanlardan necə istifadə etməsindən asılı olacaq.

Beynəlxalq təcrübə göstərir ki, AI təhsil sistemində insan faktorunu əvəz etmək deyil, onu gücləndirmək üçün tətbiq edildikdə daha yüksək nəticələr verir. Fərdiləşdirilmiş öyrənmə, məlumatlara əsaslanan qərarvermə, müəllimin inzibati yükünün azaldılması və yeni qiymətləndirmə modelləri bu transformasiyanın əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, etik prinsiplər, məlumat təhlükəsizliyi, akademik dürüstlük və tənqidi düşünmənin qorunması AI siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir.

Bu baxımdan gələcəyin məktəbi daha çox texnologiyaya malik olan məktəb deyil. Gələcəyin məktəbi hər bir şagirdin fərdi öyrənmə ehtiyaclarını nəzərə alan, müəllimə analitik qərarlar qəbul etməkdə dəstək verən, məlumatlardan səmərəli istifadə edən və süni intellekti insanın peşəkar mühakiməsini əvəz etmək üçün deyil, onu gücləndirmək üçün tətbiq edən məktəb olacaq.

Məhz belə yanaşma rəqəmsallaşmanı növbəti texnoloji yenilikdən təhsilin keyfiyyətini yüksəldən davamlı islahat mexanizminə çevirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR