Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Fransa, İndoneziya, İsrail, Çin, Avstriya, Yaponiya, Çexiya, Gürcüstan, İspaniya və Tunisdir.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-aprel aylarının nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin 78,12%-i məhz bu 15 ölkənin payına düşür.
Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə ticarət dövriyyəsi 1 mlrd. 86 mln. 838 min dollar (ümumi dövriyyədə payı 14,16% olub) təşkil edir.
İkinci yerdə olan Almaniya ilə Azərbaycanın ticarət dövriyyəsi 887 mln. 684,96 min dollar (11,57%), üçüncü yerdə olan ABŞ ilə ticarət dövriyyəsi 724 mln. 57,15 min dollar (9,44%) olub. Dördüncü yerdə qərarlaşan Rusiya ilə ticarət dövriyyəsi 648 mln. 581,64 min dollar (8,45%), 5-ci yerdə olan Türkiyə ilə ticarət dövriyyəsi 538 mln. 910,050 min dollar (7,02%) təşkil edib.
Ticarət dövriyyəsində yuxarıda adları çəkilən 5 ölkənin payı 50,64%-dir.
İxracda əsas ölkələrin siyahısına nəzər salanda məlum olur ki, Azərbaycan ilk yerdə qərarlaşan İtaliyaya 925 mln. 318,94 min dollarlıq (21,67%) mal göndərib. Hesabat dövründə Azərbaycan Almaniyaya 623 mln. 5,5 min (14,59%), Fransaya 291 mln. 879,23 min (6,84%), İndoneziyaya 240 mln. 526,96 min (5,63%) və İsrailə 218 mln. 49,03 min (5,11%) dollarlıq məhsul ixrac edib.
Ümumi ixracda adları çəkilən 5 ölkənin payı 53,84% olub.
Bu ilin 4 ayında Azərbaycan Rusiyadan 545 mln. 496,59 min dollarlıq (16,03%), ABŞ-dan 523 mln. 927,08 min (15,4%), Türkiyədən 439 mln. 297,57 min dollarlıq (12,91%), Almaniyadan 264 mln. 679,46 min (7,78%), Yaponiyadan 189 mln. 468,11 min (5,57%) dollarlıq mal idxal olunub.
İdxalda adları qeyd olunan ölkələrin payı 57,69% təşkil edir.