İkinci dubl: FED "dubl" edəcəkmi? - TƏHLİL

İkinci dubl: FED "dubl" edəcəkmi? - <span style="color: red;">TƏHLİL
# 27 iyul 2016 14:56 (UTC +04:00)

İkigünlük iclasın ardından bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Açıq bazar əməliyyatları üzrə komitəsi uçot dərəcəsi ilə bağlı qərarını ictimaiyyətə açıqlayacaq. Yalnız az sayda ekspert iddia edir ki, FED uçot dərəcəsini 0,25-0,5% səviyyəsindən artıracaq. Biz isə sensasiya dalınca qaçmırıq və əksər ekspertlər kimi hesab edirik ki, FED uçot dərəcəsini artırmayacaq və ya sadə vətəndaşa daha aydın olan dildə yazsaq, ABŞ-ın Mərkəzi Bankı dolları bahalaşdırmayacaq.

TARİXİ TARİX

FED ötən ilin dekabr ayından etibarən uçot dərəcəsini artırmağa başlayıb. Ötən ilin dekabrın 21-də FED-in uçot dərəcəsinin artırılması ilə bağlı verdiyi qərarı tarixi adlandırmamaq olmaz. Belə ki, 2008-ci ilin dekabrında uçot dərəcəsi 0,25%-dək endirilib, 2010-cu ilin mart ayından etibarən isə 0-0,25% səviyyəsində saxlanılıb. Onu da xatırladaq ki, olduqca aşağı faiz dərəcəsi ilə yanaşı FED 3 raunddan ibarət "Quantitative easing" (QE) adlı proqram həyata keçirərək dəyəri onlarla milyard dollarla ölçülən ipoteka və dövlət istiqrazlarının alışına başladı. Məsələn, QE proqramının üçüncü raundu çərçivəsində aylıq alışın həcmi 85 mlrd. dolları ötdü.

Əmək bazarında vəziyyət stabilləşdikdən sonra (yeri gəlmişkən, hazırda işsizlik səviyyəsi 4,7% həddindədir) əvvəlcə QE proqramı dayandırıldı, ardınca uçot dərəcəsi artırıldı. Bu il ərzində uçot dərəcəsinin mərhələli şəkildə artırılması nəzərdə tutulsa da, ilin əvvəli olduqca təlatümlü oldu: bazarlarda azalma müşahidə olunurdu, makrostatistika ümidləri doğrultmurdu, hamı Çin iqtisadiyyatında ciddi azalma gözləyirdi, neftin qiymətinin ard-arda yeni minimumları yeniləyəcəyi (məsələn, yanvarda Brent neftinin qiyməti 27 dollar səviyyəsinə enmişdi) proqnozlaşdırılırdı. Bu səbəbdən uçot dərəcəsinin artırılması bir müddət arxa plana keçdi.

FED-İN ƏL-QOLUNU NƏ BAĞLAYIR?

Hamı yayda FED tərəfindən uçot dərəcəsinin artıracağını gözləsə də, Böyük Britaniyanın əhalisinin böyük qismi keçirilən referendumda krallığın Avropa İttifaqından çıxmasına səs verdi. Referendumun nəticələri birjalarda ciddi volatilliyə səbəb oldu. Buna baxmayaraq, baş verənlər kütləvi satışlara da səbəb olmadı.

Bununla yanaşı, iyun-iyul ayları ərzində ABŞ-ın makroiqtisadi statistikası olduqca pozitiv idi. Məsələn, iyunda qeyri-aqrar sektorda işləyənlərin sayı 287 min nəfər artaraq bütün proqnozları alt-üst etdi. Düzdür, bu, uçot dərəcəsinin endirilməsi üçün kifayət deyil, lakin optimistlər üçün əla müzakirə mövzusudur. Makroiqtisadi statistikanın yaxşılaşması fonunda FED iqtisadi artım perspektivinə daha çox inanacaq.

İKİNCİ DUBL: FED-İN DUBLU

APA Analitik Mərkəzi olaraq bizim baza proqnozumuz ondan ibarətdir ki, FED uçot dərəcəsinin artırılmasını 4-cü rübədək təxirə salacaq. Lakin istisna etmirik ki, bu gün açıqlanacaq protokolda sentyabrda keçiriləcək növbəti iclasda uçot dərəcəsinin artırılacağına işarə olunacaq ki, bu da işarə başqa bir şey olmayacaq. Necə deyərlər, ilin əvvəlindən bu cür işarələrdən çox gördük və kifayət qədər arifləşdik. Böyük ehtimalla bu gün başa çatacaq iclasın protokolu şablon sözlər yığınından ibarət olacaq və FED pul-kredit siyasətinin sərtləşdirilməsini təxirə salacaq.

Yox, əgər növbəti iclasda uçot dərəcəsinin artırılacağına işarə olduqca şəffaf və səlis olarsa, sözsüz ki, dollar bahalaşacaq. Bunun ardınca riskli aktivlərin satışı qaçılmazdır, çünki investorlar bu cür aktivlərdən canını qurtarmaq istəyəcək.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

1 2 3 4 5 İDMAN XƏBƏR

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR