ATƏT sədrinin xüsusi nümayəndəsi: “Dünyada baş verən münaqişələr qurumu yeni addımlar atmağa vadar edir”

ATƏT sədrinin xüsusi nümayəndəsi: “Dünyada baş verən münaqişələr qurumu yeni addımlar atmağa vadar edir”
# 17 mart 2016 14:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədr müavini, ATƏT PA-da parlament nümayəndə heyətimizin rəhbəri Bahar Muradova Bakıda səfərdə olan ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Bexlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel də iştirak edib.

Azərbaycanla ATƏT arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edən vitse-spiker bildirdi ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verən ölkəmiz ATƏT dəyərlərinə sadiqdir və bu qurumla əlaqələrin inkişafında maraqlıdır. Hazırda dünya miqyasında münaqişələrin ciddi xarakter aldığını vurğulayan Bahar Muradova qonaqların nəzərinə çatdırıb ki, Almaniyanın ATƏT-ə sədrliyi dövründə dünyada, o cümlədən Cənubi Qafqazda mövcud olan münaqişələrin həlli istiqamətində atacağı addımlar Azərbaycan üçün çox vacibdir: “İllərdən bəri Dağlıq Qarabağ problemindən əziyyət çəkən Azərbaycan bu məsələdə hər zaman öz qətiyyətli mövqeyini açıqlayıb”.

Görüşdə Günter Bexler bildirib ki, ATƏT-in fəaliyyətini gücləndirmək niyyətindədirlər: “Çünki dünyada baş verən münaqişələr qurumu yeni addımlar atmağa vadar edir. Hazırda bu istiqamətdə təhlillər aparır və harada hansı işləri görə biləcəyimizi, hansı addımların özünü doğruldacağını müəyyənləşdirməyə çalışırıq”.

ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib ki, hər şeydən öncə münaqişələr tərəflərin razılığı əsasında həllini tapa bilər. Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının inkişafı, regional problemlər, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR