AMEA-da Qolodomor mövzusunda dəyirmi masa keçirilib

AMEA-da Qolodomor mövzusunda dəyirmi masa keçirilib
# 27 noyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “SSRİ-də kütləvi terror-kütləvi siyasi repressiyalar. 1932-1933-cü illərdə Ukraynada Qolodomor tarixi həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, dəyirmi masa AMEA-nın İctimai elmlər bölməsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə AMEA-nın rəhbərliyi, Polşa və Ukraynanın Azərbaycandakı səfirləri, tarixçilər iştirak edib. Tədbir çərçivəsində tanınmış Amerika tarixçisi, ABŞ-nın Yel Universitetinin professoru Timoti Snayderin “Qanlı torpaqlar: Avropa Hitler və Stalinin arasında" kitabının da təqdimatı keçirilib.

AMEA İctimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova 1932-1933-cü illərdə baş verən hadisələr barədə ətraflı məlumat verib.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Ukraynada 1932-1933-cü illərdə milyonlarla insanın aclığın qurbanı olduğunu xatırladıb: “Mən bu tədbirə gələnlərin hamısına öz minnətdarlığımı bildirirəm. Qolodomor faciəsi kommunist rejiminin Şərqi Avropada apardığı terrorun nəticəsində baş verib. Bu, məhz kütləvi terror və soyqırım idi”.

Səfir qeyd edib ki, T. Snayderin “Qanlı torpaqlar: Avropa Hitler və Stalinin arasında” kitabı həmin qanlı hadisələrə ayna tutur: “Bu kitabda hər şey ətraflı şəkildə qeyd olunub”.

Hazırda Rusiya və Ukrayna arasında yaşanan gərginliyə toxunan A. Mişşenko rus və Ukrayna xalqlarının hər zaman dost və qardaşlıq şəraitində yaşadıqlarını vurğulayıb: “Mən hesab edirəm ki, baş verənlər iki xalq arasındakı problem deyil”.

Səfir BMT-nın Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə Azərbaycanın lehinə səs verməsinə diqqət çəkib: “Ukrayna dost Azərbaycanın bu addımını yüksək qiymətləndirir”.

Tədbirdə qeyd olunub ki, 1933-cü ilin qış və yaz aylarında soyqırım özünün ən pik nöqtəsinə çatıb. Bu vaxt hər gün 25 min insan ölüb. Qolodomor nəticəsində Sovet Ukraynasında yaşayan əhalinin 20-30 faizi məhv edilib.

Sonda tədbir tarixçi alimlərin fikir mübadiləsi şəraitində davam edib.

Qeyd edək ki, Qolodomor Ukrayna dilindəki “aclıq” və “öldürmək” sözlərindən əmələ gəlib. Qolodomor 1932-1933-cü illərdə sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktıdır. Qədim əkinçilik adətləri olan millət aclığa, dəhşətli işgəncələrə və ölümə məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR