Axtarışda olan şəxs saxlanılıb, narkotik və silah tapılıb

Axtarışda olan şəxs saxlanılıb, narkotik və silah tapılıb
# 27 iyun 2018 10:16 (UTC +04:00)

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 4,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolu götürülüb, yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 6 min ədədə qədər çətənə kolu məhv edilib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yasamal rayonunda saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Həsənovda 3 qrama yaxın heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə baxış zamanı isə əlavə olaraq çəkisi 1 kiloqram 510 qram olan heroin götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 206 (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olması da müəyyənləşib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Mehman Süleymanovun həyətindəki yarımtikilidə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, 2 kiloqram 700 qram marixuana, habelə müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkarlanıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Əhmədbəyli kənd sakini Vəfadar Namazovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb.


Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Türkan qəsəbə sakini Ağəli Nadirovun həyətyanı sahəsindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Rəcəbovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu, evindən isə 25 qrama yaxın marixuana götürüblər.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları Nic qəsəbəsi ərazisindən yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 6000 ədəd çətənə kolunu yığaraq yandırma yolu ilə məhv ediblər.


Bu istiqamətdə tədbirlər davam etdirilir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR