Hindistan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etmək istəyir

Hindistan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etmək istəyir
# 23 dekabr 2017 12:20 (UTC +04:00)

"Son 25 ildə Azərbaycan yüksələn xətlə sürətlə inkişaf edib. Bu da Azərbaycan-Hindistan münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxarıb".

APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.

İki ölkə arasında fəal ticarət əlaqələrinin və vətəndaşların qarşılıqlı səfərlərinin olduğunu deyən S. Rana ikitərəfli əlaqələrin inkişafı üçün daha çox potensialın olduğunu bildirib:" Bu, çatmaq istədiyimiz səviyyə deyil. Hindistan ölkələrimizi əlaqələndirəcək beynəlxalq Şimal-Cənub dəhlizini inkişaf etdirməyi düşünür. Hindistan kənd təsərrüfatı, pambıqçılıq, tütünçülük sahələrində yüksək təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla paylaşa bilər. Bundan başqa, Azərbaycanın informasiya texnologiyası üzrə böyük potensialı var və bu sahədə də əməkdaşlıq edə bilərik. Bu, hər iki ölkəyə kömək edə bilər. Həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsi inkişaf etdiyindən bu istiqamətdə əməkdaşlıq edə bilərik. Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırdığımız digər sahə isə kosmik sahədir".

Səfir bildirib ki, Azərbaycan çox dinamik ölkədir və Hindistan hər sahədə əməkdaşlıq etməyə hazırdır.

Diplomat əlavə edib ki, ölkələr arasında əlaqələr daha da dərinləşməlidir və buna beynəlxalq Şimal-Cənub dəhlizi, eləcə də aviareyslər vasitəsi ilə nail oluna bilər: "Biz inkişaf etmiş sənaye sahələrində birgə müəssisələrin yaradılmasını, eləcə də mədəniyyət, humanitar sahədə əməkdaşlığı davam etdirmək və qarşılıqlı səfərləri artırmaq istəyirik. Növbəti ildə iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri, hökumətlərarası komissiyanın növbəti görüşünü keçirməyi və daha yüksək səviyyəli səfərlər həyata keçirməyi nəzərdə tuturuq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR