Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə simpozium keçirilib

Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə simpozium keçirilib
# 27 iyul 2015 10:55 (UTC +04:00)

Bakı – APA. Yunanıstan Korfu adasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Avstraliya hökuməti, Sülh Naminə Kembric Fondunun dəstəyi ilə Andreas Papandreu Fondu tərəfindən 16-cı Simi Simpoziumu təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1998-ci ildən Yunanıstanın Simi adasında, ölkənin sabiq baş naziri Georgi Papandreunun rəhbərliyi ilə keçirilən simpoziumda hər il dünyanın aparıcı siyasətçiləri, Nobel mükafatı laureatları, sahibkarlar, diplomatlar, alimlər bir araya gələrək beynəlxalq ictimaiyyəti narahat edən vacib məsələləri müzakirə edirlər.

16-cı Simi Simpoziumunda ərəb dünyasında baş verən geosiyasi dəyişikliklər, Yaxın Şərqdəki humanitar böhran, Balkanlardakı münaqişələr və regionun gələcəyi, Şərqi Aralıq dənizində regional inkişaf və sabitliyin bərpası, Avropa İttifaqının qonşuluq siyasətinin perspektivləri, eləcə də gündəmdə olan digər önəmli mövzular müzakirə olunub.

Simpoziumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Ərəb Liqasının sabiq baş Katibi və misirin sabiq xarici işlər naziri Əmr Musa təmsil edib.

Simpoziumda bir sıra tanınmış ictimai-siyasi xadimlər – amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlits, Yunanıstanın sabiq baş naziri Georgi Papandreu, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun sabiq xüsusi müşaviri Mark Mediş və Böyük Britaniya Leyboristlər Partiyasının sabiq lideri Ed Milibend iştirak ediblər. Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Amr Musa və Petar Stoyanov paytaxt Afinada Yunanıstan prezidenti Prokopis Pavlopoulos, sabiq xarici işlər naziri, parlamentin üzvü Dora Bakoyannis və sabiq baş nazir Kostas Karamanlis ilə görüşlər keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR