Bank Of Baku

Kripto alternativ ticarət kanalı kimi: Eniş və dalğalanmalar sanksiya altındakı ölkələrə necə təsir edir? - TƏHLİL

Kripto alternativ ticarət kanalı kimi: Eniş və dalğalanmalar sanksiya altındakı ölkələrə necə təsir edir? - TƏHLİL
# 31 avqust 2026 17:15 (UTC +04:00)

Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmə rəqəmsal aktivlərin yalnız investisiya aləti kimi deyil, beynəlxalq hesablaşma vasitəsi kimi rolunu da yenidən gündəmə gətirib. Xüsusilə beynəlxalq maliyyə sanksiyalarının geniş tətbiq olunduğu Rusiya və İran kimi ölkələrdə kriptoaktivlər və stabilkoinlər transsərhəd ödənişlərin alternativ kanallarından birinə çevrilib.

"APA-Economics"in beynəlxalq mənbələr əsasında apardığı təhlilə görə, bu ölkələr üçün əsas risk "Bitcoin"in qiymətinin azalmasından daha çox kriptoaktivlərin likvidliyi, onların ənənəvi valyutalara çevrilməsi imkanları və ödəniş infrastrukturunun sanksiyalar qarşısında dayanıqlılığıdır.

Kripto bazarında nə baş verir?

Avqustun 31-də Bitcoin 78 min dolların üstündə ticarət olunub. Son günlərdəki geriləmə ABŞ-da faiz artımı ehtimalının yüksəlməsi və qlobal bazarlarda risk iştahının zəifləməsi fonunda baş verir. Bununla belə, avqustu bütövlükdə eniş ayı adlandırmaq olmaz: Bitcoin avqustun 25-də 80 min dolları keçmiş, həmin vaxt ayın əvvəlindən təxminən 28% bahalaşmışdı.

Britaniyanın “Standard Chartered” bankının rəqəmsal aktivlər üzrə qlobal araşdırma rəhbəri Geoff Kendrick hesab edir ki, ABŞ istiqraz bazarına müdaxilə və valyutanın dəyərsizləşməsi ilə bağlı narahatlıqlar "Bitcoin"in alternativ aktiv kimi investisiya tezisini gücləndirir. Bu yanaşma göstərir ki, qısamüddətli faiz və dollar təzyiqi qiyməti aşağı sala bilsə də, daha geniş makroiqtisadi proseslər kriptoaktivlərə marağı qoruyur.

Rusiya kriptonu xarici ticarət hesablaşmalarına daxil edir

Rusiya nümunəsi kriptovalyutanın investisiya alətindən transsərhəd hesablaşma vasitəsinə keçidini daha aydın göstərir. Rusiyanın PSB Bankının məlumatına görə, 2025-ci ilin fevralında istifadəyə verilən rubla bağlı A7A5 stabilkoininin məcmu dövriyyəsi 2026-cı ilin avqustunda 140 milyard dollara yaxınlaşıb. A7 platformasının təxminən 15 min daimi biznes istifadəçisi var və sistem gündə 2 minədək transsərhəd ödəniş emal edir. Əməliyyatların böyük hissəsinin Asiya ölkələri, xüsusilə Çinlə aparıldığı bildirilir.

Lakin 140 milyard dollarlıq göstəricini Rusiyanın kriptovalyuta ilə həyata keçirdiyi real xarici ticarətin həcmi kimi qəbul etmək olmaz. Bu rəqəm platformadakı məcmu dövriyyəni göstərir və eyni aktivlərin təkrar hərəkətini də əhatə edə bilər. Eyni zamanda, transsərhəd hesablaşmalarda dollarla indeksləşdirilən USDT kimi daha likvid stabilkoinlər də istifadə olunur.

Burada əsas məsələ kriptoaktivin qiymətindən çox onun konvertasiya imkanlarıdır. Şirkət aldığı rəqəmsal aktivi yuan, dollar, dirhəm və ya digər valyutaya çevirə bilmirsə, texniki baxımdan baş tutmuş ödənişin real iqtisadi faydası azalır. Buna görə sanksiya siyasətində artıq yalnız banklar deyil, kriptobirjalar, elektron pul kisələri və rəqəmsal aktivlərə çıxış yaradan vasitəçilər də hədəfə çevrilir.

İran üçün kripto paralel maliyyə kanalına çevrilib

İranda kriptovalyutaların rolu daha sərt maliyyə məhdudiyyətləri fonunda artıb. “Chainalysis”in hesablamasına görə, İranla əlaqəli kriptovalyuta ekosisteminin həcmi 2025-ci ildə 7,78 milyard dolları ötüb.

Bu rəqəmi İranın kriptovalyuta ilə həyata keçirdiyi xarici ticarət dövriyyəsi kimi təqdim etmək düzgün deyil. Göstəriciyə fərdi istifadəçilərin, birjaların, bizneslərin və dövlətlə əlaqəli ünvanların əməliyyatları da daxildir.

Bununla belə, məlumatlar siyasi və geosiyasi gərginliyin artdığı dövrlərdə İranda kriptoaktivlərin istifadəsinin də yüksəldiyini göstərir. “Chainalysis” kriptonu ölkədə həm maliyyə alternativi, həm də paralel maliyyə sisteminin elementlərindən biri kimi qiymətləndirir. ABŞ isə 2026-cı ildə İranın kriptobirjaları və rəqəmsal aktiv şəbəkələrinə qarşı məhdudiyyətləri genişləndirib.

Üstəlik, Vaşinqton İranla işləyən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyaları sərtləşdirəcəyini açıqlayıb. Bu isə alternativ ödəniş və konvertasiya kanalları üzərində təzyiqin daha da artması deməkdir.

Bitcoin düşəndə ticarət də azalırmı?

Bitcoin ucuzlaşdıqda bu ölkələrin ticarətinin eyni nisbətdə azalacağını demək doğru olmaz.

Əgər hesablaşma Bitcoin və ya Etherium kimi dəyişkən qiymətli aktivlə aparılırsa, kəskin eniş ödənişi qəbul edən tərəf üçün real maliyyə itkisi yarada bilər. Məsələn, məhsul göndərildikdən sonra ödənişin ənənəvi valyutaya çevrilməsinə qədər kriptoaktiv 10% ucuzlaşarsa, qarşı tərəfin faktiki gəliri də azala bilər.

Lakin transsərhəd hesablaşmalarda stabilkoinlərin istifadəsi bu riski azaldır. USDT dolların, A7A5 isə rublun dəyərinə bağlı olduğundan "Bitcoin"in 10-20% ucuzlaşması onların nominal dəyərinin avtomatik olaraq eyni həcmdə düşməsi demək deyil.

Buna görə beynəlxalq ticarət baxımından daha böyük risk qiymət yox, likvidlik, konvertasiya və ödəniş zəncirinin davamlılığıdır. Kriptobirjanın sanksiyaya məruz qalması, pul kisəsindəki aktivlərin dondurulması və ya kriptonu real valyutaya çevirmək imkanının itirilməsi ticarət əməliyyatına "Bitcoin"in qiymət dəyişməsindən daha ciddi təsir göstərə bilər.

BIS rəhbəri stabilkoinlərin risklərinə diqqət çəkir

Beynəlxalq Hesablaşmalar Bankının (BIS) baş direktoru Pablo Hernandez de Cos da stabilkoinlərin genişmiqyaslı ödəniş vasitəsi kimi istifadəsinə ehtiyatla yanaşır.

Onun fikrincə, stabilkoinlər maliyyə sabitliyi, müxtəlif sistemlər arasında qarşılıqlı işləmə, çirkli pulların yuyulmasına qarşı nəzarət və monetar suverenlik baxımından problemlər yarada bilər. De Cos hesab edir ki, stabilkoinlər müəyyən xüsusi sahələrdə faydalı ola bilər, lakin genişmiqyaslı ödəniş sisteminin əsasını təşkil etmək üçün hazırkı formada kifayət qədər etibarlı deyil.

Suriya artıq fərqli istiqamətdə hərəkət edir

Suriya isə hazırda əks istiqamətdə nümunə yaradır. ABŞ avqustun 24-də Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb. Bir neçə gün sonra "Visa" və "Mastercard" ölkədə ilk beynəlxalq kart əməliyyatlarını həyata keçirib.

Bu proses göstərir ki, ənənəvi maliyyə kanalları bərpa olunduqca alternativ hesablaşma vasitələrinə məcburi ehtiyac da azala bilər. Yəni kriptovalyutanın xarici ticarətdə rolu təkcə texnologiyanın imkanlarından deyil, ölkənin qlobal maliyyə sisteminə çıxış səviyyəsindən də asılıdır.

Beləliklə, beynəlxalq proseslər fonunda kriptovalyuta bazarına yalnız "Bitcoin"in qiyməti prizmasından baxmaq kifayət etmir. Rusiya və İran nümunələri göstərir ki, rəqəmsal aktivlər müəyyən ölkələr üçün paralel transsərhəd ödəniş infrastrukturu funksiyası qazanmağa başlayıb.

"Bitcoin"in ucuzlaşması dəyişkən aktivlərlə hesablaşan bizneslərə zərər vura bilər, stabilkoinlər isə bu qiymət riskini azaldır. Bunun əvəzində başqa təhlükələr önə çıxır: pul kisələrinin dondurulması, birjaların sanksiyaya düşməsi, likvidliyin azalması və kriptoaktivlərin ənənəvi valyutalara çevrilməsinin çətinləşməsi.

Analitiklər hesab edirlər ki, bu baxımdan, sanksiya altında olan ölkələrin beynəlxalq ticarəti üçün əsas sual "Bitcoin"in neçə dollara düşməsi deyil, rəqəmsal ödəniş zəncirinin nə qədər işlək qala bilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR