Tbilisidə uşaq bağçalarında qeydə alınmış kütləvi zəhərlənməyə laboratoriya müayinələrinin nəticələrinə əsasən norovirusun səbəb olduğu müəyyən edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu patogen bütün dünyada virus mənşəli qastroenteritin əsas səbəbidir. Gürcüstan üzrə məlumatlara əsasən, virus mənşəli qastroenterit hallarının 40-45 faizinin səbəbi məhz norovirusdur.
Mərkəzdən bildirilib ki, zəhərlənmə əlamətləri olan bütün uşaqların vəziyyəti hazırda qənaətbəxşdir, ciddi ağırlaşmalar müşahidə edilməyib və əksəriyyəti artıq sağalma mərhələsindədir.
Xatırladaq ki, Tbilisidə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə sentyabrın 17-də baş verib. İntoksikasiya əlamətləri müşahidə olunan 100-dən çox uşaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatı və sağlamlığı üçün təhlükə yaradan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq aparır.
Qeyd edək ki, norovirus mədə və bağırsaqların iltihabına səbəb olan, son dərəcə yüksək yoluxuculuğa malik virus növüdür.