Bu ilin 10 ayında sənayenin qeyri-neft sektorunda istehsal 10%-ə yaxın artıb

Bu ilin 10 ayında sənayenin qeyri-neft sektorunda istehsal 10%-ə yaxın artıb
# 13 noyabr 2015 06:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 22 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 62,9%-i mədənçıxarma sektorunda, 29,2%-i emal sektorunda, 7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 1,7%, o cümlədən əmtəəlik qaz hasilatı 6,2% artıb, neft hasilatı isə 1,8% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7%, poliqrafiya məhsullarının istehsalı 78%, kimya sənayesi məhsullarının istehsalı 87%, tikinti materiallarının istehsalı 9,9%, metallurgiya məhsullarının istehsalı 2,1%, hazır metal məhsullarının istehsalı 55,7%, kompüter, elektron və optik məhsulların istehsalı 98,6%, elektrik avadanlıqlarının istehsalı 11,7%, mebel istehsalı 9,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 1,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,5% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6% artıb, neft sektorunda isə 0,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR