Ombudsman AŞPA-nın həmməruzəçisi Stefan Şennakı qəbul edib

Ombudsman AŞPA-nın həmməruzəçisi Stefan Şennakı qəbul edib
# 07 aprel 2016 09:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkəmizə faktaraşdırıcı səfər edən Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Süleymanova AŞPA-nın sədri Pedro Aqramuntun, Almaniya Bundestaqının, həmçinin Rusiya Dumasının deputatlarının cəbhə bölgəsindəki son hadisələrlə əlaqədar və bütün erməni silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş ərazilərindən çıxarılması ilə bağlı bəyanatlarını vurğulayıb, AŞPA-nı Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb.

Fikir mübadiləsi şəraitində davam edən görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda Müvəkkil qonaqlara müraciət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasında dinləmələrin keçirilməsini və bu istiqamətdə konkret tədbirlərin görülməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR