İntiqam Əliyevin məhkəməsi davam etdirilib

 İntiqam Əliyevin məhkəməsi davam etdirilib
# 03 mart 2015 13:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş şəxs Gülşən Orucova vəkillərin suallarını cavablandırıb. G. Orucova bildirib ki, bacısı Əfsanə Orucovanın adına əmək haqqı yazılsa da o, pulu almayıb. Lakin bir dəfə İ. Əliyev ona 500 manat verib.

Daha sonra prosesdə digər zərərçəkmiş şəxslər – Sadiq Bağırov və Könül Bayramova ifadə veriblər. Onlar maddi cəhətdən hər hansı zərər çəkmədiklərini, maddi iddialarının olmadığını deyib. Onlar mənəvi cəhətdən özlərini zərərçəkmiş kimi hesab etdiklərini bildiriblər. Könül Bayramova bildirib ki, istintaqa gedib ifadə verməklə, hər dəfə məhkəmə çağırılmaqla mənəvi zərər görüb.

Proses martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR