Fikrət Yusifov: “Qiyamət qopacaq” deyənlər buna görə cavab verməlidir”

Fikrət Yusifov: “Qiyamət qopacaq” deyənlər buna görə cavab verməlidir”
# 27 fevral 2015 08:07 (UTC +04:00)

Bakı - APA-Economics. Manatın məzənnəsi ilə bağlı mənim mətbuatda dediklərim Mərkəzi Bankın apardığı pul-kredit siyasətinə, bankın rəhbərinin verdiyi bəyanatlara söykənən fikirlər idi. Bütün iqtisadi yazarlar kimi manatın məzənnəsinin yumşaq devalvasiya olunmasını məqsədəuyğun saydığımı və hamıdan fərqli olaraq bu işdə Mərkəzi Bankın gecikdiyini, bu addımı hələ keçən ilin ortalarından atılmalı olduğunu söylədiyim bir vaxtda, Qubad İbadoğlu tərəfindən xalqı aldatmaqda suçlanmağım ən azı etikadan uzaq bir hərəkətdir. Bu cür davranışlar göstərir ki, o, təhlillərini nəinki birtərəfli, özünə sərf edən bir formada aparır, hətta başqalarının yazdıqlarını oxuyub oradan yalnız özünüzə sərf edən fikirləri götürməklə kifayətlənir. Bunun özü qeyri-normal bir hərəkətdir.

Qubad İbadoğlu, sizi guya "qıcıqlandıran" mənim mətbuatda "manata görə təlaşa düşməyə dəyməz" fikirlərim olub. Bunu mətbuatda bu ilin fevral ayının 10-da demişəm. İndi gəlin baxaq, fevral ayının 17-də - Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı ilk addım atdığı və praktik olaraq yumşaq devalvasiyanın başlanğıcını qoyduğu günün ertəsi Facebook səhifənizdə yazdığınız statusda siz nə deyirsiniz: "Mərkəzi Bank tərəfindən məzənnə siyasətindəki dəyişiklik son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Odur ki, mən də fikirlərimi bölüşərək bildirmək istərdim ki, Mərkəzi Bankın müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyi halda manatın qısa müddətli dövrdə kəskin ucuzlaşacağını gözləməyə dəyməz. Çünki, mövcud iqtisadi və maliyyə imkanları yaxın müddətdə bu prosesin nəzarətdə saxlanılmasına imkan verir, onsuz da Mərkəzi Bankın valyuta ehtiyatları manatın sabitliyi üçün xərclənir".

Düşünürəm ki, bu fikirlərinizdən imtina etmərsiniz. Bəs belə olan halda başqalarını günahlandırmağa nə haqqınız var? Əgər Mərkəzi Bankın 21 fevralda atacağı addımı əvvəlcədən görmək mümkün olsaydı, onda siz bunu daha aydın görməli idiniz. Çünki siz bu statusu mənim mətbuatda dediyiniz çıxışımdan bir həftə sonra, yəni Mərkəzi Bank yumşaq devalvasiyaya start verdikdən sonra yazmısınız. Bilirsiniz, bütün bunlar yazdığınız yazılara, səsləndirdiyiniz fikirlərə görə cəmiyyət qarşısında məsuliyyət daşımamağınızdan irəli gəlir. Bu sadəcə olaraq intizamsız sürücünün, "bəlkə yol polisi görmədi" deyib qoşa xətti tapdalayaraq keçməsinə bənzəyir. Siz də illərdir yazdıqlarınıza, danışdıqlarınıza heç kimin münasibət bildirməməsindən istifadə edib hər cürə yalanı cəmiyyətə ötürməkdən çəkinmirsiniz. Apardığınız bütün araşdırmalarda məsələyə çirkin siyasi don geyindirdirmək istəyiniz hər dəfə insanlara səhv, birtərəfli informasiyalar verməyinizlə yekunlaşır. Bax, xalqı aldatmaq budur!

O ki, qaldı manatın məzənnəsinin gözlənildiyinin əksinə olaraq kəskin dəyişməsinə, elə bu vəziyyəti də sizin kimi “təhliçilər” yaratdı. Biz mətbuat səhifələrində manatın məzənnəsinə heç bir təhlükə yoxdur, yumşaq devalvasiya bütün mənalarda məqsədəuyğundur yazanda, siz “Mərkəzi Bank çıxılmaz vəziyyətdədir”, “Mərkəzi Bank iqtisadi qiyamətə hazırlaşır” kimi yazılarınızla insanlar arasında çaşqınlıq yaratmaqla məşğul idiniz. Elə fevral ayının 17-də Facebook səhifənizdə yazdığınız və sonradan bütün mətbuatda yayılmış həmin statusda bu ilin birinci rübündə ölkənin tədiyyə balansında hələ heç kimə bəlli olmayan ancaq sizə “qabaqcadan məlum olan” profisitin kəskin azalacağı səbəbindən “əsil qiyamət”in başlayacağı ilə bağlı etdiyiniz çağırış ajiotajın yaranmasının gerçək səbəblərindən biridir. Məhz belə çağrışlar sonda bazarda kütləvi dollar alışına rəvac verdi. Təbii ki, belə olan halda Mərkəzi Bank yumşaq devalvasiyaya gediləcəyi ilə bağlı bir neçə gün öncə verdiyi vədi yerinə yetirməkdən vaz keçməyə məcbur oldu və kəskin devalvasiyaya getdi. Bu, sizlərin çağrışıları ilə yaranmış vəziyyətdən yeganə düzgün çıxış yolu idi... İqtisadi biliyi olmayan, rəqəmlərlə işləməyi bacarmayan, araşdırma mənblərinin müəyyən olunmasına maraq göstərməyən insanlara hər dəfə yalan məlumatlar verməkdə, heç bir ciddi əsası olmayan təhlillərlə çıxış etməkdə məqsədiniz nədir? Yəni doğrudanmı hesab edirdiniz ki, təhrif edərək cəmiyyətə təqdim etdiyiniz məlumatlara, daha çox uğursuz siyasətçinin isterikası təsiri bağışlayan yazılarınıza görə heç kəs sizi sorğu-suala tutmayacaq? Belə görünür ki, “Qubad İbadoğlu dəhşətli rəqəmlər açıqladı” kimi şişirdilmiş xəbər başlıqları sizi ciddi iqtisadi tədqiqatlardan, real rəqəmlər və statistik göstəricilərdən daha çox maraqlandırır. Xəbəriniz varmı ki, siz ciddi iqtisadiyyatdan uzaq düşüb özünüzü bu sahəyə tamilə yad olan çərçivələrə salmısınız?..

Hesab edirəm ki, dünyada gedən iqtisadi və maliyyə böhranı kontekstində ölkəmizdə baş verən zəruri iqtisadi dəyişiklikləri, cəmiyyətə “fəlakət olacaq”,”iqtisadi qiyamət baş verəcək” kimi təqdim edənlər insanlarda çaşqınlıq yaradaraq sonda milli valyutanın məzənnəsi ətrafında böyük bir ajiotajın baş verməsinə gətirib çıxardılar. Məhz bu səbəbdən Mərkəzi Bank yumşaq devalvasiya əvəzinə kəskin devalvasiyaya getmək zorunda qaldı. Əslində onlar bu çağırışlarla cinayət törədiblər...

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru,

Fikrət Yusifov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR