"Xocalı dərsi" sənədli filminin təqdimatı keçirilib

"Xocalı dərsi" sənədli filminin təqdimatı keçirilib
# 29 mart 2018 13:52 (UTC +04:00)

Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub.

APA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, baş redaktorlar, QHT nümayəndələri, Xocalı sakinləri iştirak ediblər.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə "Xocalı soyqırım, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.

Ə. Mehdiyev deyib ki, saxta sovet ideologiyası nəticəsində tariximiz unudulub, gənc nəsillər bu həqiqətlərdən zamanında xəbər tuta bilməyib: "Bunun da acı nəticələrindən biri azərbaycanlılara qarşı bu faciələrin, etnik soyqırımların yenidən törədilməsidir. Erməni faşistlərinin törətdikləri bu əməllərin ifşa olunması üçün çox işlər görməliyik. Bunun üçün Azərbaycanda ardıcıl işlər görülür. Azərbaycan prezidenti də bu ilin yanvarında müvafiq fərman imzalayıb. Bu istiqamətdə KİV-in və QHT-lərin fəaliyyətləri də öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası Xocalı soyqırımının tanınmasına mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20 ştatı və bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb".

Ə. Mehdiyev gələcəkdə "Xocalı dərsi" sənədli filminin əsasında bədii film də çəkilə biləcəyini qeyd edib.

Daha sonra "Xocalı dərsi" sənədli filmi nümayiş olunub. Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışıb, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini bildirib. Xocalıdan olan ailənin sağ qalan üzvlərini ermənilər əsir götürüb, bir müddətdən sonra Azərbaycan tərəfinin apardığı danışıqlar nəticəsində onlar azad ediliblər.

Sənədli filmdə Xocalı soyqırımının dünyada tanıdılması və erməni faşistlərinin cəzalandırılmasının zəruriliyi barədə fikirlərini bölüşən Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası yüksək qiymətləndirir. Ə. Həsənov qeyd edir ki, ATƏT-Minsk Qrupu və həmsədrlər işğalçı Ermənistana ciddi təzyiq göstərmirlər.

Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR