“Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

“Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub
# 31 mart 2018 11:34 (UTC +04:00)

Professor Əmir Əliyevin müəllifi olduğu, 31 mart azərbaycanlıların soyqırımına həsr olunan “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova artıq 100 ildən çoxdur ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətindən danışıb. O, bu soyqırım siyasətinin tanınması istiqamətində dövlətimizin beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar qarşısında keçirdiyi mühüm tədbirləri yada salıb.

Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə tutduğu yola toxunan Elmira Süleymanova eyni zamanda Ermənistanın təcavüzkar siyasətinə qarşı dövlətin gördüyü işlərə də nəzər salıb. O bildirib ki, azərbaycanlıların soyqırımının dünyaya çatdırılması baxımından kitabların yazılması, tədqiqatların aparılması vacibdir. Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər planı ilə əlaqədar prezident İlham Əliyevin sərəncam verdiyini xatırladan Ombudsman professor Əmir Əliyevin təqdimatı keçirilən “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabı barədə də danışıb: "Bu kitab azərbaycanlıların soyqırımı, beynəlxalq cinayət, təcavüz cinayətinin detalları ilə bağlı əhatəli vəsaitdir. Belə mənbələrin çoxluğu sözügedən faktın dünyaya çatdırılması baxımdan olduqca əhəmiyyətlidir. Kitab Azərbaycan, fransız, ingilis, rus və türk dillərinə tərcümə edilib”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni nəşri əhəmiyyətli vəsait, dəyərli mənbə kimi qiymətləndirib. Natiq bildirib ki, kitabın nəşrinin bu günə təsadüf etməsi böyük hadisədir: “Azərbaycan hüquq ictimaiyyəti üçün bu tarix olduqca əhəmiyyətlidir. Azərbaycanlılar hər zaman vəhşiliklərə, hüquq pozuntularına məruz qalıb. 1998-ci ildə ümumilli liderimiz Heydər Əliyev tərəfindən soyqırımla bağlı imzalanan sərəncam hüquqi cəhətdən beynəlxalq aləmə uca səsimizi çatdırmağımız idi. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən soyqırımın 100 illiyinin qeyd olunması bəşəri, elmi, insani və tarixi baxımdan nəzər salmağımıza imkan verir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova Əmir Əliyevin müəllifi olduğu kitabı tarixi istinad nöqtəsi baxımından yüksək qiymətləndirib, 31 mart soyqırımının tarixinə nəzər salıb. O, bildirib ki, qırğınlar təkcə Bakıda yox, Şamaxı, Qarabağda və başqa yerlərdə də həyata keçirilib: “Mart qırğınları haqqında tədqiqatçılar tərəfindən müxtəlif araşdırmalar aparılıb. Mənbələrlə göstərilir ki, ermənilər insanlarla yanaşı tarixi abidələri də məhv edirdilər. Fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Vaxtilə informasiya blokadası şəraitində yaşadığımıza görə beynəlxalq tədbirlərdə iştirak edərkən soyqırımla bağlı elmi kitablar baxımdan çatışmazlıq yaşayırdıq. Dövlətimizin, cənab prezidentimizin güclü, qətiyyətli siyasəti nəticəsində sonrakı illərdə bu sahədə olan bütün boşluqlar dolduruldu, təbliğat vasitələri artırıldı, kitablar yazıldı. Azərbaycan beynəlxalq aləmdə gücünü o qədər artırdı ki, artıq bizim səsimizi eşidirlər, bizimlə hesablaşırlar”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə çıxışında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi tarixi düşmənçilik siyasətinə toxunub, bildirib ki, Əmir Əliyev beş dilə tərcümə olunan kitabında Azərbaycan xalqının başına gələn 31 mart faciəsini ümumiləşdirib və hüquq müstəvisində təhlil edib: “Kitab tədqiqatçılar və hüquq təhsili alan insanlar üçün əhəmiyyətli mənbədir. Əmir müəllim başımıza gələn faciələri ümumiləşdirib və geniş ictimaiyyətə çatdırıb. İnanıram ki, bu kitab elmi tədqiqatçıların, tarixçilərin, gənclərin stolüstü kitabı olacaq”.

Millət vəkili Əli Hüseynli, professorlar Elçin Əhmədov, Oleq Zayçuk, Leonid Timçenko və başqaları 31 mart soyqırımını haqqında fikirlərini bölüşüb, “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabını qiymətli vəsait kimi xarakterizə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR