Nazirlik: Bu il Azərbaycanda difteriya, qızılca, məxmərək xəstəlikləri qeydə alınmayıb

Nazirlik: Bu il Azərbaycanda difteriya, qızılca, məxmərək xəstəlikləri qeydə alınmayıb
# 09 avqust 2017 12:45 (UTC +04:00)

2017-ci ilin 6 ayı ərzində respublikada idarə olunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınıb.

Kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib.

2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə olunub.

Ümumilikdə immunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946, difteriya-tetanus əleyhinə vaksini ilə 1715, inaktivləşdirilmiş poliomielit vaksini ilə 1074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub.

2017-ci ilin 6 ayı ərzində profilaktik peynəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə 96,6%, vərəm əleyhinə BCG vaksini ilə 96,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR