Azərbaycan prezidentinin İtaliyanın baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidentinin İtaliyanın baş naziri ilə geniş tərkibdə görüşü olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 iyul 2015 21:25 (UTC +04:00)

APA-nın məlumatına görə, əvvəlcə Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.

“Kici” sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyevi baş nazir Matteo Renzi qarşılayıb, Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verdikdən sonra, prezident İlham Əliyev və baş nazir Matteo Renzi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Sonra İtaliyanın hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti baş nazir Matteo Renziyə təqdim olunub.

Geniş tərkibdə görüşdə baş nazir Matteo Renzi ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın baş naziri “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulayıb. O, sərgidə iştirakına görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Baş nazir Matteo Renzi TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb. Azərbaycanda tolerantlığın yüksək səviyyədə təmin edilməsi istiqamətində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nümunə olduğunu deyib.

Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycan ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın məhz İtaliyada qəbul olunmasının rəmzi xarakter daşıdığını qeyd edib. Dövlət başçısı “Bakı-2015” birinci Avropa Oyunlarında İtaliyanın geniş nümayəndə heyəti ilə təmsil olunmasını yüksək qiymətləndirib. Azərbaycan prezidenti “Milan Expo 2015” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. İnfrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, qeyri-energetika sektorunda əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR