Mətbuat Şurası: Ötən il özəl müəssisələrdən daxil olan şikayətlərin sayı artıb

Mətbuat Şurası: Ötən il özəl müəssisələrdən daxil olan şikayətlərin sayı artıb
# 05 mart 2015 10:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən il Mətbuat Şurasına Kütləvi İnformasiya Vasitələrində gedən materiallarla bağlı 320 şikayət daxil olub. APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının 2014-cü ildəki hesabatında bildirilir.

Şikayətlərdən 86-sı ayrı-ayrı vətəndaşlar, 79-u dövlət idarə, müəssisə və təşkilatları, 67-si özəl müəssisələr, 48-i özünüidarəetmə orqanı, 29-u ictimai qurumlar və 11-i siyasi partiyalar tərəfindən edilib.

Şikayətlərin KİV üzrə təsnifatında qəzetlər (59,3 faiz), internet xəbər portalları (27,9 faiz), jurnallar (9,7 faiz) və informasiya agentlikləri (3,1 faiz) yer alıb.

Mətbuat Şurasına daxil olan şikayətlərdə şərəf və ləyaqətin təhqiri (35,1 faiz), işgüzar nüfuzun ləkələnməsi (29,8 faiz), qarşı tərəfin mövqeyinin işıqlandırılmaması (27,4 faiz), plagiat (4,1 faiz) və digər narazılıqlar (3,6 faiz) ifadə olunub.

Mətbuat Şurasının Katibliyində, komissiyalarında və İdarə Heyətində baxılan məsələlərdə cavabdeh KİV-lərlə təkzib (28,2 faiz), qarşı tərəfin mövqeyinin işıqlandırılması (26,5 faiz), təkzib və üzr istənilməsi (24,3 faiz), xəbərdarlıq (14 faiz) və “Qara siyahı”ya daxil edilmə (7 faiz) tədbirləri görülüb.

Mətbuat Şurasının Katibliyində 168 məsələ həllini tapıb. 98 şikayət Komissiyada, 54 şikayət isə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 98 məsələdən 70-i komissiya səviyyəsində həllini tapıb. Digər 28 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 54 şikayətdən 7-si barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub.

Şuranın İdarə Heyəti 2014-cü ildə ümumilikdə 31 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 28 rəyindən 26-ı (2 rəy təkrar baxılmaq üçün Katibliyə qaytarılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 7 təqdimatından 5-i əsas götürülüb.

İl ərzində şikayətlərin araşdırılması Şuranın İdarə Heyətinin 12, Şikayətlər üzrə Komissiyanın 15, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 4 iclasında həyata keçirilib.

Ötən illərlə müqayisədə dövlət idarə, müəssisə və təşkilatlarından daxil olan müraciətlərin sayında azalma müşahidə olunub. Özəl müəssisə və özünü idarəetmə orqanlarından daxil olan şikayətlərin sayında isə artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR