Əfqanıstanlı nazir: “Yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlıyıq” - FOTO

Əfqanıstanlı nazir: “Yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlıyıq” - <span style="color: red;">FOTO
# 09 aprel 2015 14:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə Əfqanıstanın mədən və neft naziri Daud S. Sabanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, R. Abdullayev Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişaf etdiyini, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlərin araşdırıldığını söyləyib, nümayəndə heyəti üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib.

Azərbaycanın qədim neft diyarı olduğunu, sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını və neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini xatırladan SOCAR prezidenti yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında qonaqlara ətraflı məlumat verib.

D. S. Saba ölkəsini Azərbaycanla dərin tarixi və mədəni köklər birləşdirdiyini, son illərdə Azərbaycanın yüksək templərlə sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını qeyd edib, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulayıb, ölkəmizin enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını bildirib. Böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlığa başladığını deyən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. O, bütün sahələrdə, xüsusilə neft və qaz sektorunda inkişaf etmiş Azərbaycan iqtisadiyyatının Əfqanıstan üçün uğurlu bir model ola biləcəyini qeyd edib.

Azərbaycanın əsrlər boyu dünyanın neft akademiyası hesab olunduğunu diqqətə çatdıran R. Abdullayev ölkəmizdə Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırladıb, SOCAR-ın nəzdində dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edən Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini qeyd edib və həmin ənənənin davamı olaraq əfqanıstanlı gənclərin bu ali məktəbdə beynəlxalq standartlar səviyyəsində yüksək təhsil almasına şərait yaradılacağını söyləyib. O, həmçinin dost ölkənin neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR