UNICEF və Səhiyyə Nazirliyinin birgə apardığı Milli Qidalanma Sorğusunun nəticələri açıqlanıb

UNICEF və Səhiyyə Nazirliyinin birgə apardığı Milli Qidalanma Sorğusunun nəticələri açıqlanıb
# 14 aprel 2015 11:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyi və Səhiyyə Nazirliyinin apardığı Milli Qidalanma Sorğusunun hesabatı açıqlanıb.

UNİCEF-in Azərbaycan Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, hesabat göstərir ki, son illərdə uşaqların əksər qidalanma göstəricilərində irəliləyiş əldə olunub. Milli Qidalanma Sorğusu uşaqlar, hamilə olan və olmayan qadınların qidalanma və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə UNICEF tərəfindən, Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin tərəfdaşlığı ilə 2013-cü ilin fevral-aprel ayları arasında həyata keçirilib. Tədqiqatın tərkib hissəsi kimi 3,926 ev təsərrüfatında müsahibələr müvəffəqiyyətlə başa çatdırılıb. Ümumilikdə 3,351 qadın və 1,455 uşaq tədqiqatda iştirak edib.

Öncəki tədqiqatlarla müqayisədə bu sorğu, uşaqların əksər qidalanma göstəricilərində müsbətə doğru inkişafın olduğunu göstərib. 0-59 aylıq uşaqlar arasında qısaboyluluq göstəricisi 25.1%-dən (Demoqrafik Sağlamlıq Sorğusu-DSS 2006) 2013-cü ildə 18% -ə, boya görə çəkinin az olması göstəricisi 6.6%-dən (DSS 2011) 3.1%-ə və yaşa görə çəkinin az olması göstəricisi 6.5%-dən (DSS 2011) 4.9%-ə düşüb. Uşaqların yalnız 10%-də zink çatışmazlığı və 8%-də vitamin A çatışmazlığı müşahidə olunub. 0-59 aylıq uşaqlar arasında anemiyanın yayılma göstəricisi 44.4%-dən (DSS 2011) 24.2%-ə qədər azalıb.

Nailiyyətlərlə bərabər sorğu uşaq və qadınların qidalanma göstəricilərində daha yüksək nailiyyətlər əldə etmək üçün səylərin artırılması tələb olunan sahələri də müəyyən edib. Anemiyanın hamilə və hamilə olmayan qadınlar, eləcə də uşaqlar arasında yüksək yayılma səviyyəsi ictimai narahatlıq doğuran məsələ olaraq qalır. Hamilə qadınların 40%-də, hamilə olmayan qadınların 38%-də anemiya müəyyən edilib. Anemiyası olan qadınların 62.8%-də həmçinin dəmir çatışmazlığı aşkar olunub. Hamilə olmayan qadınların 35 və 20%-də müvafiq olaraq fol turşusu və Vit.B12 çatışmazlığı müəyyən edilib.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Andro Şilakadze qeyd edib ki, qadın və uşaqların qidalanma vəziyyətinin yaxşılaşdırılması sahəsində göstərdiyi səylərə görə Səhiyyə Nazirliyi və Azərbaycan Hökumətini alqışlayıb. Onun sözlərinə görə, anemiyanın aradan qaldırılması və müstəsna olaraq ana südü ilə qidalandırma davranışlarının geniş yayılması üçün müvafiq tədbirlər görüləcək: “Hamilə qadınlarda anemiya olması və müstəsna olaraq, ana südü ilə qidalandırmama uşaqlar arasında xəstələnmə və ölüm hallarının yüksəlməsinə səbəb olur. Dünya təcrübəsi sübut edib ki, unun dəmirlə zənginləşdirilməsi dəmir çatışmazlığı və anemiya ilə mübarizə aparmağın ən səmərəli və ucuz yoludur və mən inanıram ki, yüz minlərlə qadın və uşağın sağlamlığını yaxşılaşdırmaq üçün bölgənin sürətlə inkişaf edən iqtisadiyyatına malik Azərbaycan tezliklə istifadə olunan bütün unun dəmir və digər həyati vacib mikroelementlərlə zənginləşdirilməsini təmin edəcək”.

Ana südü ilə qidalandırma və azyaşlıların əlavə qidalandırılması təcrübəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına ehtiyac var. 6 aya qədər körpələrin yalnız 12%-i müstəsna olaraq ana südü ilə qidalandırılıb, 1 yaşına çatmış uşaqların yarısından az hissəsinə ana südü verilməsi davam etdirilib. 6-23 aylıq uşaqların 54%-i tövsiyə olunan minimal qida müxtəlifliyinə, 58%-i minimal qidalanma tezliyinə əsasən və yalnız 22%-i minimal məqbul qida rasionuna uyğun şəkildə qidalandırılıb. Sorğunun nəticələri əsasında proqramla və gərəkən araşdırmalarla bağlı müxtəlif tövsiyələr hazırlanıb. Əhalinin dəmir mikroelementi ilə qidalanma vəziyyətini yaxşılaşdırmaq və gələcək dəmir çatışmazlığı hallarının qarşısını almaq üçün buğda ununun zənginləşdirilməsi, ÜST və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış rəhbərlik və təlimatların əsasında müvafiq səhiyyə işçiləri və valideynlər arasında körpə və azyaşlıların qidalandırılması üzrə təlim kampaniyalarının keçirilməsi tövsiyələr arasındadır.

Sorğunun nəticələrindən irəli gələn bir sıra tövsiyələr artıq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR