Berlində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar tədbir keçirilib

Berlində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar tədbir keçirilib
# 22 noyabr 2017 13:42 (UTC +04:00)

Almaniyada Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinin salınması” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda keçirilən tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq Azərbaycan və Almaniyada bir sıra tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin bu işdə Berlin Humboldt Universitetində yerləşən “Azərbaycan Tarixi” kafedrasının fəal iştirakını vurğulayıb.

Təqdim olunan kitabın ərsəyə gəlməsi və onun Berlində təqdim edilməsinin Azərbaycan tərəfinin sözügedən yubileylə əlaqədar fəaliyyət proqramının tərkib hissəsi olduğunu deyən R. Həsənov bu ilin 23-24 noyabr tarixlərində Parisdə UNESCO-nun mənzil-qərargahında yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir 2017-ci ilin həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə səciyyələndiyini bildirib və bu yubiley münasibətilə səfirliyimizin təşkil etdiyi tədbirlər barədə məlumat verib.

Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir Haydrun Tempel isə Azərbaycanda alman irsinin qorunub-saxlanması üçün görülən işləri vurğulayıb və bunun iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. Alman diplomat Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycanda alman məskənləri barədə kitabın dərc edilməsini xalqlarımız arasındakı tarixi bağların ictimaiyyətə çatdırılması baxımından təqdirəlayiq hadisə adlandırıb. H. Tempel həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlığın mövcud olduğunu, 2017-ci ildə Bakıda nüfuzlu Höte İnstitutunun nümayəndəliyinin açılması üçün mühüm addımlar atıldığını qeyd edib.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi, səfir Elnur Sultanov ölkəmizin UNESCO ilə uğurlu əməkdaşlığından, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təşviqi üçün gördüyü işlərdən, bu istiqamətdə həyata keçirilən Bakı Prosesinin əhəmiyyətindən danışıb. E. Sultanov “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinin salınması” kitabı haqda məlumat verərək, orada Azərbaycanda tarixən alman ailələrinin məskunlaşmasının ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlığın bir nümunəsi olaraq araşdırıldığını və kitabın mədəniyyətlərarası dialoqun əsaslarının öyrənilməsi üçün yaxşı mənbə olduğunu diqqətə çatdırıb.

Tədbirdə Almaniya Bundestaqının nümayəndələri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin təmsilçiləri, jurnalistlər və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, İ. Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinin salınması” adlı kitabı Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Katibliyinin dəstəyi ilə ərsəyə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR