Üç aptekdə 81 adda 205 qutu keyfiyyətsiz dərman vasitəsi satışdan çıxarılıb

Üç aptekdə 81 adda 205 qutu keyfiyyətsiz dərman vasitəsi satışdan çıxarılıb
# 20 dekabr 2016 09:38 (UTC +04:00)

Azərbaycanda yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra qanunla müəyyənləşmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında bildirib ki, bu yoxlamalar konkret müraciətlər əsasında həyata keçirilib. Onun sözlərinə görə, nəticədə 2 əczaçılıq müəssisəsində deyilən faktlar təsdiqlənməyib: “Lakin digər 3 aptekdə dövlət qeydiyyatından keçməyən və keyfiyyət sertifikatı olmayan 81 adda 205 qutu dərman vasitəsi satışdan çıxarılıb. Həmin dərman preparatları məhv ediləcək. Araşdırmalardan sonra həmin apteklərin fəaliyyətinin dayandırılıb-dayandırılmamasına qərar veriləcək”.

Müdir müavini Azərbaycanda dolların məzənnəsinin manata nisbətən dəyişməsinin dərman bazarına və qiymətlərə təsirinə də aydınlıq gətirib. Onun sözlərinə görə, qiymətlərə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil, bu məsələyə Tarif Şurası məzənnəyə uyğun nəzarət edir. Bu yaxınlarda qiymətlərə yenidən baxıldığını deyən P. Əzizbəyov qeyd edib ki, qiymətlər yeni məzənnəyə uyğunlaşdırılıb: “Dərman vasitəsinin keyfiyyəti onun qiyməti ilə bağlı deyil. Dərman dövlət qeydiyyatından keçibsə, rəsmi yolla idxal olunursa, onların daşınma və saxlanma şərti gözlənilirsə, ölkədə satışına icazə verilir. Dərmanların qiyməti onların idxal olunduğu ölkələrdəki iqtisadi vəziyyətə və qiymətlərə uyğunlaşdırılır. Məsələn, Rusiyada dərmanların qiyməti nisbətən ucuz, Avropada isə nisbətən baha olur. Buna əsasən Azərbaycan bazarında da həmin dərmanların qiyməti tənzimlənir”.

P. Əzizbəyov vurğulayıb ki, bazarda dövlət qeydiyyatından keçməyən dərmanlar da olur. Belə halların mütəmadi olaraq araşdırıldığını deyən müdir müavinin sözlərinə görə, lazımi orqanlara məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR