Bank Of Baku

“Naxçıvanbank”ın 2008-2013-cü illəri əhatə edən biznes planı açıqlanıb

“Naxçıvanbank”ın 2008-2013-cü illəri əhatə edən biznes planı açıqlanıb
# 11 sentyabr 2008 10:43 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Dünən Naxçıvanda “Naxçıvanbank”ın yeni inzibati binasının açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, bankın açılış mərasimində Azərbaycan Milli Bankının Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak ediblər.

“Naxçıvanbank”ın 2010-cu ilə qədər muxtar respublikanın bütün rayonları ilə yanaşı Bakıda da filiallarının açılması planlaşdırılıb. Artıq bankın 2008-2013-cü illəri əhatə edən biznes planı hazırlanıb.

Plana əsasən, 2008-2010-cu illərdə bankda korporativ idarəetmə sisteminin qurulması, muxtar respublikanın bölgələrində filial şəbəkəsinin və müştəri bazasının yaradılması, işlək depozit və kredit portfelinin formalaşdırılması, Bakıda filialın açılması, həmçinin lizinq, sığorta və broker şirkətlərini təşkili həyata keçiriləcək. Bu dövrdə bank əhalinin, kiçik və orta biznesin bütün növ maliyyə xidmətlərini həyata keçirə biləcək.

2010-2013-cü illərdə isə bankın muxtar respublikanın bütün ərazilərində, Azərbaycanın regional mərkəzlərində əhalinin, kiçik və orta biznesin bütün növ maliyyə xidmətlərinin tələbatlarını ödəməklə bankın böyük bank maliyyə holdinqinə çevrilməsi nəzərdə tutulur. Bu dövrdə bankın dünya maliyyə bazarına çıxışının təmin olunması, beynəlxalq maliyyə institutlarından ucuz və uzunmüddətli resurslar cəlb etməsi, korporativ müştərilərin maliyyə resurslarına olan ehtiyacları ödəməsi nəzərdə tutulub.

«Naxçıvanbank» ASC Azərbaycan ərazisində baş ofisi bölgədə yerləşən ikinci regional bankdır. Birinci regional bank isə baş ofisi Gəncə şəhərində yerləşən “Gəncəbank” SKB-dir.

Qeyd edək ki, «Naxçıvanbank» ASC bu ilin avqustun 4-də Azərbaycan milli bankı tərəfindən lisenziya verilib. Bu ilin may ayında isə Azərbaycan Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Yeni kommersiya bankının nizamnamə kapitalı 10 mln. manat, səhmlərin ümumi sayı 1 mln. ədəd, bir səhmin nominal dəyəri isə 10 manat təşkil edir. «Naxçıvanbank» ASC-nin təsisçiləri rolunda 7 fiziki şəxs çıxış edir. Bunlar Talıbov Vüqar İlqar oğlu (100 min səhm, 10%), Sultanova Sevil Rza qızı (100 min səhm, 10%), Abbasov Vüqar Zakir oğlu (300 min səhm, 30%), Emin Uçar Rəsul oğlu (Türkiyə vətəndaşı, 300 min səhm, 30%), Teymurov Vurğun Bəbir oğlu (50 min səhm, 5%), Əliyeva Tünzalə Meydan qızı (50 min səhm, 5%) və Talıbov Rza Vasif oğludur (100 min səhm, 10%). Bankın Müşahidə Şurasının üzvləri kimi Mircavadova Xuraman Abbas qızı, Kazımov Vasif Əli oğlu və Babayev Əlidadaş Adil oğlu qeydiyyata alınıb. «Naxçıvanbank»ın baş ofisi Naxçıvan şəhəri, N. Əliyev küçəsi, 3 ünvanında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR