Bank Of Baku

Azərbaycan Mikromaliyyəşdirmə Bankı yeni brendi və loqotipinin təqdimatını keçirib

Azərbaycan Mikromaliyyəşdirmə Bankı yeni brendi və loqotipinin təqdimatını keçirib
# 15 sentyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyəşdirmə Bankının (AMMB) brendinin «AccessBank»a dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən bankın İdarə Heyətinin sədri Endryu Pospielovski (Andrew Pospielovsky) brendin dəyişdirilməsinin əsas səbəbinin adın uzunluğu ilə bağlı olduğunu bildirib: «Yeni ad qısa və lakonikdir, ümid edirəm ki, bu bizə çox münasib brend sayılacaq. «AccessBank»ın adı və loqotipi kiçik və orta biznesə, eləcə də az və orta gəlirli ailələrə bankın bütün xidmətlərinə çıxışını təmin etmək missiyası daşıyır. İki oxla əhatə olunmuş kürə şəkilli brend bankın müştərilərinə təklif etdiyi tam çeşidli bank xidmətlərini və bankın səhmdarları və rəhbərliyi vasitəsi ilə təmin etdiyi insanlar, texnologiya və maliyyə resursları arasında qlobal mübadiləsini təmsil edir», - deyə sədr bildirib.
İdarə Heyəti sədrinin birinci müavini Rüfət İsmayılov isə bankın indiyədək əldə etdiyi nailiyyətlərdən danışıb. R.İsmayılovun sözlərinə görə, indiyədək bank tərəfindən 500 mln. ABŞ dolları həcmində kredit verilib: «Hazırda bankın aktiv müştərilərinin sayı 70 mini keçib və bunun 40 mini bizneslə məşğul olan müştərilərdir. Kredit portfelimiz bu günə 200 mln. dollar, depozit portfelimiz isə 30 mln. dollar təşkil edir. Bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir ki, bunun da 7-si regiondadır. Siyasətimizə uyğun olaraq, növbəti ildə bankın regionlar üzrə filial şəbəkəsini genişləndirmək niyyətindəyik».
«AccessHolding»in nümayəndəsi Tomas Engelhardt isə çıxışında Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasından, həmçinin son illər ərzində bu ölkənin sahədə əldə etdiyi nailiyyətlərdən danışıb.
Qeyd edək ki, bankın yeni brendi AMMB-nin təsisçilərindən olan «AccessHolding»in adından götürülüb.
Xatırladaq ki, AMMB 2002-ci ildən fəaliyyət göstərir və bu ilin sentyabr ayının əvvəlində brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR