Bank Of Baku

«UniBank» yay depozit aksiyasının müddətini uzadıb

«UniBank» yay depozit aksiyasının müddətini uzadıb
# 15 sentyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) «Yay davam edir» adlı depozit aksiyasının müddətini uzadıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyulun 15-də start götürən aksiya sentyabrın 15-də başa çatmalı idi, lakin yeni qərarla kampaniyanın müddəti oktyabrın 31-dək uzadılıb.
Bank müştərilərinə pullarını illik 18,7% dərəcəsi ilə yerləşdirməyi təklif edir. Bundan başqa, bu müddət ərzində 1000 manatdan (avro, dollar) az olmayan məbləğdə əmanət yatırımı həyata keçirən bütün müştərilər avtomatik olaraq «Brilyant depozit» aksiyasının da iştirakçısına çevrilir və hər ay ümumi çəkisi bir karat olan 3 brilyant udmaq şansı əldə edir.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında «UniBank»da fiziki şəxslərin depozit portfeli 47,5% artıb və bu artımın 85,5%-i məhz «Brilyant depozit» layihəsinin həyata keçirildiyi müddətə təsadüf edib.
Xatırladaq ki, bankın «Müddətli» depozitlərinin müddəti 6-24 aydır. Depozit müddətinin sonuna əmanətlərə manat üzrə illik 16,4%, ABŞ dolları üzrə 18,7%, avro üzrə isə 9,8% dərəcəsi ilə gəlirlik hesablanır.
«Proqressiv» depozit məhsulunda müddət 3-12 ay olmaqla, illik faiz dərəcəsi manat üzrə 14%, dollar üzrə 16% və avro üzrə 9%-lə hesablanır.
Həmçinin, «Yığım» depozit növündə əmanətin müddəti 12 aydır. Əmanət üzrə faizlər illik manat üzrə 12%, dollar üzrə 14,5%, avro üzrə isə 8%-lə hesablanır.
Qeyd edək ki, «Yığım» depozit növündə 2%-lik bonus depozitin əsas məbləğinə hər ay əlavə əmanət yatırımı yerinə yetirildiyi halda ödənilir. Əgər «Yay mənfəəti» aksiyasının qüvvədə olduğu müddətdə depozitin əsas məbləğinə hər ay əlavə əmanət yatırımı yerinə yetirilibsə, onda faiz dərəcələri manatla 14%-ə, dollar üzrə isə 15,5%-ə qədər artacaq.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 479,397 mln. manat, kredit portfeli 358,761 mln. manat, depozit portfeli 145,395 mln. manat, məcmu kapitalı 66,604 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR