Bank Of Baku

Azərbaycanın valyuta birjasında həftəlik dövriyyə 3 dəfəyədək artıb

Azərbaycanın valyuta birjasında həftəlik dövriyyə 3 dəfəyədək artıb
# 15 sentyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin sentyabrın 8-dən 12-dək Azərbaycanın birja valyuta bazarının (Bakı Banklararası Valyuta Birjası - BBVB) ümumi dövriyyəsi 45,644 mln. ABŞ dolları təşkil edib. Dövriyyənin gündəlik həcmini aşağıdakı kimi göstərmək olar:




Beləliklə, təhlil olunan dövr ərzində mütəşəkkil valyuta bazarının dövriyyəsi sentyabrın ilk həftəsinin analoji göstəricisindən 2,8 dəfə çoxdur.
Ötən həftə ərzində dolların birja məzənnəsi (BBVB-nin valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,8142 manatdan 0,8150 manatadək artıb, yəni dollar manata qarşı 0,1% bahalaşıb. Qeyd edək ki, ötən həftə ərzində rəsmi məzənnə də 0,1% möhkəmlənib. Bununla yanaşı, dolların nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,09% yüksəlib, satış məzənnəsi isə 0,02% düşüb:




Hesabat dövründə valyuta bazarının ən maraqlı xüsusiyyəti bütün seqmentlər üzrə müşahidə olunan məzənnələrin (rəsmi, birja və nağd) qeyri-sabitliyi ilə bağlıdır (bax ikinci cədvələ - APA). Bunu qrafiklərin dalğayabənzərliyi sübut edir. Bununla yanaşı, bir tərəfdən rəsmi və nağd satış məzənnələrinin, digər tərəfdən nağd satış və birja məzənnələrinin oxşarlığı diqqət çəkir. Lakin bu iki cütlüyün oxşarlığına baxmayaraq, bu vizual görüntünü sırf təsadüf kimi qəbul etmək lazımdır.
Ötən həftə dünya bazarlarında dollarla vəziyyət bir qədər sabitləşib. Amerika və Asiya fond bazarlarında vəziyyətin yaxşılaşması, neftin qiymətinin 100 dollar/1 barelədək ucuzlaşması və ABŞ-da bəzi müsbət korporativ xəbərlər fonunda dolların artım tempi azalıb. Nəticədə, gördüyümüz kimi, dolların bahalaşması tendensiyası Azərbaycanda da səngiyib.
Xatırladaq ki, sentyabrın ilk həftəsi ərzində dolların məzənnəsinin artımı bütün seqmentlər üzrə orta hesabla 0,2% təşkil edib. Düzdür, bu, çox cüzi bir artımdır. Lakin uzun müddət ərzində davam edən dolların devalvasiyası fonunda, bir neçə həftə ərzində ABŞ valyutasının birdən bahalaşması diqqət cəlb edir. Bundan başqa, bazardakı spekulyativ meyllər nağd dolların satış məzənnəsinin 0,8250-0,8300 manata qədər artmasına səbəb olub.
Birja bazarında dövriyyənin gündəlik həcmlərinin qrafikinə diqqət yetirsək, bazarda həcmi tendensiya və amillərinin olmadığını aşkar görərik. Əqdlər hələ də tələbat əsasında bağlanır, yəni valyuta əməliyyatları bankların və ya onların müştərilərinin valyutaya olan cari ehtiyaclarından asılı olaraq aparılır.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov hazırkı makroiqtisadi şəraitdə dolların mövqelərinin möhkəmlənməsini milli iqtisadiyyatımız üçün əlverişli olduğunu vurğulayıb. Bu da onu göstərir ki, ən azı yaxın zamanda AMB-nin dolların məzənnəsinin dinamikasını korrektə edəcəyini gözləməyə dəyməz. Digər tərəfdən, mərkəzi bank ilin sonunadək bazara 2 mlrd. dollar həcmində manat müdaxiləsi (bazardan dollar kütləsini çıxarmaq üçün) həyata keçirmək niyyətindədir. Bu sadalanan, həmçinin daxili bazarda meydana çıxa biləcək digər amillər manatın zəifləməsini daha sürətləndirə və dərinləşdirə bilər. Lakin unutmayaq ki, dünya bazarında konyunkturun dəyişməsi istənilən an bu prosesi əks istiqamətdə hərəkət etməyə məcbur edə bilər. Artıq yeni həftənin başlanğıcı da bunun mümkünlüyünü təsdiqləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR