Bank Of Baku

Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçirilir

Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçirilir
# 16 sentyabr 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən ölkədə mikromaliyyə sektorunun son 10 il ərzində inkişafını qeyd etmək, bu sektorun qarşısında duran problemləri müzakirə etmək, mövcud problemlərin həlli yollarını tapmaq və ölkədə fəaliyyət göstərən bank olmayan kredit təşkilatları və kommersiya bankları üçün yeni kapital bazarlarına çıxışı təmin etmək məqsədi ilə təşkil olunub.
Konfransda çıxış edən baş nazirin birinci müavini Əli Həsənov Azərbaycanda mikromaliyyə sektorunun inkişafından, hazırkı vəziyyətindən, ümumi iqtisadi inkişafda, sosial problemlərin həllində rolu və gələcək perspektivlərindən danışıb.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə bildirib ki, bu konfrans Azərbaycandakı iqtisadi proseslərin məntiqi ardıcıllığıdır və bu tədbir mikromaliyyə sahəsində inkişafı daha da artıracaq.
ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi isə öz növbəsində cəmiyyətin ədalətli inkişafı üçün mikromaliyyə sektorunun çox önəmli olduğunu bildirib: «ABŞ və USAİD Azərbaycan hökuməti və əsas donorlarla yaxından işləyərək makroiqtisadi və struktur islahatları aparır. Təkcə USAİD ötən il ərzində mikromaliyyə sektorunun maliyyə, texniki və təlim dəstəyinə 20 mln. dollardan çox vəsait ayırıb».
Tədbirdə çıxış edən AMA-nın icraçı direktoru Jalə Hacıyeva isə bildirib ki, qurumun üzvü olan qeyri-bank kredit təşkilatları və kommersiya bankları üumilikdə 600 mln. dollar həcmində aktiv kredit portfelinə və 290 min müştəriyə malikdir. İndiyədək bu təşkilatlar tərəfindən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə 1,18 mlrd. dollardan çox maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, konfrans Avropa Yenidənqurma və İnkişaf Bankı, «Development World Markets», «Finca Azerbaijan», «CredAgro» təşkilatları, «Royal Bank of Baku», «Turanbank», «AccessBank» və s. qurumların maliyyə dəstəyi ilə keçirilir. Konfransda müxtəlif yerli və xarici təşkilatların 200-ə yaxın nümayəndəsi iştirak edir, o cümlədən 17 ölkədən 26 beynəlxalq təşkilat 60 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və ölkədəki 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR