«APA-Economics»in məlumatına görə, bu ilin sentyabr ayının 22-27-da Bakı Banklararası Valyuta Birjasında (BBVB) aparılan ticarət əməiyyatlarının məcmu həcmi 38,61 mln. dollar təşkil edib. Gündəlik dövriyyə isə aşağıdakı kimi olub:
Beləliklə, hesabat dövrü ərzində həftəlik dövriyyə əvvəlki həftənin göstəricisindən 30% az olub. Gündəlik dövriyyələri nəzərdə keçirəndə görünür ki, valyuta birjasında ticarət 6 iş günündən yalnız 4-ü ərzində uğurlu, yəni məhsuldar olub. İki dəfə isə valyuta ticarəti üzrə sifarişlər olmayıb. Adətən, bu, yalnız kəskin böhran şəraitində müşahidə olunur, lakin sıfır dövriyyənin özündə həftəlik dövriyyənin 93,8%-ni cəmləşdirən sentyabrın 26-dakı ticarət günündən əvvəl və sonra müşahidə olunması faktı hər hansı böhran tendensiyasının olması barədə danışmağa əsas vermir. Bunu məzənnələrin dinamikası da sübut edir.
Ümumilikdə, ötən həftə ərzində dolların birja məzənnəsi (BBVB-nin valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8106 manatdan 0,8063 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,53% düşüb. Qeyd edək ki, rəsmi məzənnə də həftə ərzində 0,51%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,77%, nağd satış məzənnəsi isə 0,73% enib. Bu, sentyabr ayı ərzində dolların həftəlik məzənnəsinin ən gözə çarpan dəyişikliyi olub. Ümumilikdə, sentyabr ayında birja məzənnəsi 0,75%, rəsmi məzənnə isə 0,86% düşüb. Beləliklə, dolların ucuzlaşmasının əsas hissəsi sentyabrın sonuncu həftəsinə təsadüf edib. Bu, tamamilə izah ediləndir, çünki ötən həftə Azərbaycanın valyuta bazarındakı proseslər dünya bazarlarında, əsasən də ABŞ-da baş verən hadisələri əks etdirib. Bu hadisələrin nəticəsi isə dolların avroya qarşı kəskin ucuzlaşması olub.
Dolların manata qarşı məzənnəsinin dinamikası ötən həftə aşağıdakı kimi olub:
Göründüyü kimi, nağd satış məzənnəsi istisna olmaqla, bütün məzənnələrin qrafiklərinin praktiki olaraq bir-birinə «yapışıb». İlk növbədə birja və rəsmi məzənnələrin dəyişməsinin sinxronluğu ötən həftə Azərbaycanda məzənnənin formalaşmasının tam inzibati nəzarət altında qalması və faktiki olaraq bazar mexanizmlərindən kənarda olmadığını göstərir.
Həmçinin avronun rəsmi məzənnəsinin dinamikası da diqqəti cəlb edir:
Yekunda avronun məzənnəsinin dəyişməsi praktiki olaraq müşahidə olunmayıb (əvvəlki səviyyəyədüşüb). Buna baxmayaraq, ayrı-ayrı günlər ərzində məzənnə çox ciddi şəkildə dəyişib. Onun bu dərəcədə enib-qalxması isə dünya bazarlarında dollar/avro məzənnəsinin dəyişməsi ilə bağlıdır.
Dollara gəldikdə isə, hazırda bazarda ABŞ-dakı qeyri-müəyyənlik davam edir. Çünki ABŞ-ın maliyyə sisteminin mühafizə edilməsi üçün 700 mlrd. dolların yönəldilməsini nəzərdə tutan «Polson planı» Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə, bütün dünyada dolların məzənnəsinin azalmasını proqnozlaşdırmaq çətin olmayacaq. Bəzi analitiklər hətta dolların avroya qarşı ikiqat ucuzlaşacağını proqnozlaşdırır ki, bu da, sözsüz, Azərbaycan bazarına öz təsirini göstərəcək.