Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda vergi qanun pozuntaları üzrə 141 cinayət işi başlanıb

Yanvar-sentyabr aylarında Azərbaycanda vergi qanun pozuntaları üzrə 141 cinayət işi başlanıb
# 09 oktyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cari ilin yanvar-sentyabr ayları ərzində 141 cinayət işi başlanıb. Bu işlərdən 13-ü bilavasitə Departamentə daxil olmuş əməliyyat məlumatları üzrə olub. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İbtidai istintaqı tamamlanmış 91 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 38 iş, qanunsuz sahibkarlığa görə 6 iş, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 1 iş və özgənin əmlakını mənimsəməyə görə 1 iş (cəmi 55 nəfər barəsində 47 cinayət işi) baxılması üçün məhkəmələrə göndərilib.
Bir sıra müəssisənin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 26 cinayət işinə xitam verilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 1,051 mln. manat və cinayət işi başlanması rədd edilmiş materiallar üzrə isə 5,974 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə ödətdirilmiş vəsaitdən 4,7 dəfə çoxdur.
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 30 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daxil olmuş əməliyyat məlumatları və müraciətlər əsasında 91 şəxs haqqında araşdırmalar aparılaraq materiallar qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilib.
Cinayət işləri üzrə qəbul edilmiş qərarlara əsasən istintaqdan yayınan 102 şəxsin məcburi qaydada gətirilməsi və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 21 şəxsin tutularaq Departamentin istintaq şöbəsinə təhvil verilməsi təmin edilib. Bundan əlavə, 292 şəxsin yeri müəyyən olunaraq istintaqa təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR