Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8094 manatdan 0,8089 manata və ya 0,06% düşüb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,03%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,03% enib, nağd satış məzənnəsi isə 0,04% artıb:
Göründüyü kimi, ötən həftə dolların məzənnəsi demək olar ki, dəyişməyib. Buna səbəb dünya bazarlarında analoji, sabit vəziyyət olub. Belə ki, həftə ərzində dollar avroya qarşı cüzi səviyyədə dəyişib. Azərbaycanda da avronun məzənnəsinin həftəlik dinamikası cəmi 0,6% olub və qəribədir ki, avro da dollar kimi ucuzlaşıb. Yəni dünya bazarlarında, adətən, əks istiqamətlərdə «hərəkət edən» dollar və avronun məzənnələri Azərbaycanda eyni istiqamətdə dəyişib. Ümumilikdə isə, ötən həftə valyuta bazarında gözə çarpan hadisələr baş verməyib.
Bu, həmçinin dünya bazarlarına aiddir. ABŞ iqtisadiyyatının sərhədlərini aşaraq artıq Avropaya daxil olan maliyyə böhranının dərinləşməsinə baxmayaraq, ötən həftə dollar və avronun məzənnəsinin dinamikası dəyişkən olub. Qeyd edək ki, maliyyə böhranı bir sıra iri maliyyə qurumunu müflisləşmə təhlükəsi qarşısında qoyub. Nəticədə, praktiki olaraq bütün Avropa ölkələrinin mərkəzi bankları maliyyə bazarının müdafiəsi üçün müəyyən həcmdə vəsait ayırıb, həmçinin uçot dərəcəsi orta hesabla 0,5 faiz bəndi azalıb. Bundan başqa, ötən həftə ərzində həm Amerika, həm də Avropa və Asiya fond indeksləri kəskin azalma nümayiş edib. Amerika və Asiya indeksləri hətta çoxillik minimumlarını keçib. Bundan başqa, azalma həm də neft bazarında müşahidə olunub. Burada qiymət 80 dollar/barel səviyyəsindən bir qədər yüksək olub. Lakin bu, dünya bazarlarında valyuta məzənnəsinə olduqca zəif təsir göstərib və müvafiq olaraq, analoji vəziyyət Azərbaycanda da müşahidə olunub.
Qeyd edək ki, bu fonda daxili valyuta bazarının həcm göstəriciləri artıb. Belə ki, BBVB-da həftəlik dövriyyə sentyabrın analoji göstəricilərini üstələyib. Bu da bank və onların müştərilərinin valyuta əməliyyatlarına olan cari ehtiyaclarının artdığını göstərir.
Ötən həftənin əsas göstəricisi isə dolların məzənnəsinin son 5 həftə ərzində ilk dəfə azalması olub. Bu, dünya bazarlarındakı dolların avroya qarşı dinamikasının tendensiyasının Azərbaycan bazarına da daxil olduğunu təsdiqləyir.