Bank Of Baku

Qərbi Avropa maliyyə böhranına qarşı birgə mübarizə aparacaq

Qərbi Avropa maliyyə böhranına qarşı birgə mübarizə aparacaq
# 13 oktyabr 2008 14:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabrın 12-də Parisdə keçirilən maliyyə sammiti nəticəsində Avropanın aparıcı banklarının sabitliyinin qorunmasına dair qərar qəbul olunub. «APA-Economics»in məlumatına görə, Fransa prezidenti Nikolya Sarkozinin təşəbbüsü ilə keçirilən sammitdə həmçinin Böyük Britaniyanın baş naziri Gordon Braun, Almaniya kansleri Angela Merkel və İtaliyanın baş naziri Silvio Berluskoni iştirak edib.
Sammitin keçirilməsində əsas məqsəd Avropada maliyyə böhranına qarşı razılaşdırılmış siyasətinin müəyyənləşdirilməsi olub. Görüşün əsas nəticəsi ölkələrin aparıcı banklarının sağlamlaşdırılması üçün dövlətlər tərəfindən vəsaitin ayrılması barədə razılığın əldə olunmasıdır. Qərara alınıb ki, oktyabrın 15-dək hər ölkə öz maliyyə qurumlarına ayıracağı vəsaitin həcmini müəyyənləşdirsin.
Dövlətlərin maliyyə yardımı bankların qismən milliləşdirilməsi və hökumətlər tərəfindən təmin olunmuş ssudaların verilməsi yolu ilə keçiriləcək. Qeyd edək ki, bu, Böyük Britaniyanın irəli sürdüyü təşəbbüs və plandır. Baş nazir G.Braun hətta bu ölkənin üç ən iri bankın imtiyazlı səhmlərinin dövlət tərəfindən alınacağını bəyan edib. Britaniya hökumətinin planlarına əsasən, həmçinin bankların aktivlərinin cari hesablanması üzrə qaydaların yumşaldılması nəzərdə tutulur. Belə ki, maliyyə və qeyri-maliyyə təşkilatları öz aktivlərini cari bazar qiyməti ilə deyil, defoltun ehtimalı nəzərə alınmaqla qiymətləndirməlidir.
Qeyd edək ki, hazırda Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iştirakı ilə «Böyük 20-liyin» sammiti keçirilir və toplantıda əsas mövzu dünya maliyyə böhranından çıxış yolları və ona qarşı razılaşdırılmış tədbirlərin müəyyənləşdirilməsidir.
«Böyük 20-liyin» sırasına ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Yaponiya (Böyük 7-lik), Avstraliya, Argentina, Braziliya, Avropa İttifaqı, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika və Cənubi Koreya daxildir. G-20 ölkələrin dünya üzrə ümumi daxili məhsulun strukturunda payı 85%, məcmu ticarət dövriyyəsində isə 80% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR