Azərbaycanda investisiyaların strukturunda bank sektorunun payı 4%-ə çatmır

Azərbaycanda investisiyaların strukturunda bank sektorunun payı 4%-ə çatmır
# 22 oktyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əsas kapitala yatırılan investisiyaların strukturunda bank təşkilatlarının iştirak payı 2008-ci ilin oktyabr ayının 1-nə 248 mln. manat və ya 3,9% təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin IV rübünün əvvəlinə investisiyaların ümumi həcmi 6 283 mln. manat təşkil etsə də, onun 86,2%-i müəssisə və təşkilatların daxili imkanları və büdcə vəsaitlərinin payına düşür.
Qeyd edək ki, bundan əlavə 6,6% büdcədənkənar fondların, 3,2% əhalinin vəsaitləri və 0,1% digər mənbələr hesabına yatırılıb.
Bu göstəricilər onu əks etdirir ki, Azərbaycanda real sektorun maliyyələşdirilməsi əsasən müəssisələrin öz vəsaitləri və büdcə vəsaitləri hesabına həyata keçirilir, bank sektorunun bu prosesdə iştirakı isə minimaldır. Bankların kredit vəsaitləri əsasən qeyri-real iqtisadiyyata, yəni istehsalla əlaqəli olmayan sahələrə yönəldilir. Aşağıda bank kreditlərinin sahələr üzrə təsnifatı verilir:




Qeyd edək ki, banklar tərəfindən real sektora yönəldilən vəsaitlərin əsas hissəsi investisiya xarakteri daşımır, yəni kredit şəklində aparılan maliyələşmə əsas vəsaitlərin alınması deyil, dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə həyata keçirilir.
Banklar öz kredit siyasəti çərçivəsində aparılan əməliyyatları bir neçə amili nəzərə alaraq həyata keçirir. O cümlədən, likvidliyin idarəetmə prinsipləri ilə tarazlaşdırılmış bankların resurs bazası, kredit və bazar riskləri, iqtisadiyyatın müvafiq sahəsində rentabellik kimi amillər nəzərə alınır. Hazırda Azərbaycan iqtisadiyyatının real sektorunda yaranmış vəziyyət isə bu amillərə cavab vermir. Buna görə də real sektorda, əsasən də istehsal sahəsində fəaliyyət göstərən müəssisələr yalnız öz vəsaitləri hesabına maliyyələşir. Bu da müəssisələrin ilkin kapitallaşmasında özünü əks etdirir. Nəticədə, Azərbaycanda istehsalat sahəsində kiçik və orta sahibkarlıq təbəqəsi çox zəifdir, bu da iri şirkətləri inhisarçılığı inkişaf etdirməyə stimullaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR