Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti xarici bazarlara çıxmağa hazırlaşır

Azərbaycanın daha bir sığorta şirkəti xarici bazarlara çıxmağa hazırlaşır
# 05 noyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) yaxın 1-2 il ərzində xaricdə ilk nümayəndəliyini açmaq niyyətindədir.
Şirkətin İdarə Heyətinin sədr müavini İlham Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, nümayəndəliklərin açılması məsələsi şirkətin strateji planında əksini tapıb. Lakin hazırda dünya maliyyə bazarında müşahidə olunan böhran bu məsələnin həllinə müəyyən problemlər yaradır. İlk nümayəndəliklərinin isə Tiflis və Moskva şəhərlərində açılması planlaşdırılır. «Nümayəndəliklərin açılması üçün şirkət ilk öncə Rusiya və Gürcüstanın sığorta bazarının təhlilini aparmalıdır. Bu isə bir qədər vaxt aparır. Yaxın gələcəkdə bu məsələ həll olunacaq», - deyə İ.Ağayev bildirib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında xaricdə ilk nümayəndəliyi və ya törəmə qurumunu yaradan «Standard İnsurance» şirkəti olub. Şirkətin törəmə müəssisəsi Tiflis şəhərində yerləşir.
Xatırladaq ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Şirkətin bu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 15,04 mln. manat, sığorta ödənişləri isə 3,10 mln. manat təşkil edib. Şirkətin Azərbaycan bazarında payı sığorta daxilolmaları üzrə 10,1%-ə, ödənişlər üzrə isə 7,7%-ə bərabərdir. Hazırda 29 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərən şirkətin nizamnamə kapitalı cari ilin noyabr ayının 1-nə 8,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR