Bank Of Baku

Azərbaycanda gəlirliyi 18%-dən artıq olan bank əmanətləri sığortalanmayacaq

Azərbaycanda gəlirliyi 18%-dən artıq olan bank əmanətləri sığortalanmayacaq
# 06 noyabr 2008 13:52 (UTC +04:00)
Bu, noyabr ayının 3-dən etibarən Azərbaycan Milli Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 10%-ə kimi azaldılması ilə bağlıdır. Bu barədə «APA-Economics»ə ƏSF-dan məlumat verilib.
Fondan bildirilib ki, «Əmanətlərin sığortalaması haqqında» qanuna əsasən, əmanətlərin cəlb edildiyi günə AMB-nin uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilən əmanətlər bu qanun tərəfindən qorunan əmanətlərə aid edilmir. Həmçinin bildirilir ki, noyabr ayından 18%-dən artıq gəlirliklə qəbul olunan əmanətlər sığortalanmadığına görə, üzv banklar bu cür əmanətlər üzrə Fonda təqvim haqqı ödəməyəcək.
ƏSF-nin icraçı direktoru Azad Cavadovun «APA-Economics»ə verdiyi məlumata əsasən, bununla bağlı noyabr ayında Fondun daxilolmalarının azalacağı gözlənilir. A.Cavadov qeyd edib ki, ƏSF tərəfindən müvafiq hesablamalar aparılmasa da, əmanətlərin bir hissəsi 18%-dən artıq gəlirliyə malik olduğuna görə, təqvim haqları üzrə daxilolmalar azalacaq.
Qeyd edək ki, «Əmanətlərin sığortalaması haqqında» qanuna əsasən, üzv banklar rübdə bir dəfə ƏSF-ya rüb ərzində gündəlik orta əmanət qalığının birinci ildə 0,15%-i, sonrakı illərdə isə 0,125%-i həcmində təqvim haqqı ödəyir.
Fondun cari ilin oktyabr ayının 1-nə olan hesabatına əsasən, təqvim haqları 918 min manat, 911 min dollar, 153 min avro təşkil edib. İştirakçı bankların Fondun reyestrinə daxil olarkən ödədiyi birdəfəlik üzvlük haqları ilə birlikdə bütün daxil olan məbləğ 9,421 mln. manat təşkil edib. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1,731 mlrd. manat, o cümlədən qorunmayan əmanətlər 268 mln. manat təşkil edib. Qorunan əmanətçilərin sayı isə 1 275 540 nəfərə çatıb.
Xatırladaq ki, ƏSF 2007-ci ilin avqustun 13-dən fəaliyyətə başlayıb. İndiyədək 38 bank təşkilatı Fonda üzv olub ki, bu təşkilatların ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manat təşkil edir. Kompensasiya 2008-ci ilin yanvarın 1-dək əmanət məbləğinin 100%-i, lakin 4 min manatdan çox olmamaq, 2009-cu il yanvarın 1-dək əmanət məbləğinin 100%-i, lakin 6 min manatdan çox olmamaq, 2010-cu il yanvarın 1-dək əmanət məbləğinin 100%-i, lakin 8 min manatdan çox olmamaq şərti ilə ödənilir.
Qeyd edək ki, Azərbaycanda uçot dərəcəsi iki mərhələdə azaldılıb. Belə ki, cari ilin oktyabrın 14-dən uçot dərəcəsi 15%-dən 12%-ə, noyabrın 3-dən isə 10%-ə qədər aşağı salınıb. Beləliklə, oktyabrın 14-nə qədər qorunan əmanətlərə gəlirliyi 27%-dək, noyabrın 3-dək isə 21,6%-dək olan depozitlər aid edilirdisə, hazırda sığortalanması yalnız 18%-dən aşağı olan əmanətlər üzrə aparılacaq.
A.Cavadov bildirib ki, qanunda qeyd olunan «uçot dərəcəsinin 1,8 misli» əmsalı kifayət qədər yüksək göstəricidir və Fond bu normanın artırılmasına dair hər hansı bir qanunvericilik təşəbbüsü çıxış etmək niyyətində deyil.
Eyni zamanda nəzərə alınmalıdır ki, hazırda Azərbaycanda bir sıra banklar, o cümlədən geniş əmanət bazasına malik olan banklar öz müştərilərinə 18%-dən yuxarı faiz dərəcəsinə malik olan əmanətlər təklif edərək vəsaitlərin cəlb edilməsi prosesini aktivləşdirib. Dünya maliyyə böhranı ilə bağlı isə bu prosesin daha da fəallaşacağını proqnozlaşdırmaq mümkündür. Çünki xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsinjə ciddi problemlərlə üzlşən Azərbaycan bankları pul ehtiyatlarını daxili mənbələr hesabına artırmaq məcburiyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR