Bank Of Baku

«NorMikro» təşkilatlı 2009-cu ildə xaricdən 8 mln. dollar kredit cəlb edəcək

«NorMikro» təşkilatlı 2009-cu ildə xaricdən 8 mln. dollar kredit cəlb edəcək
# 10 noyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Norveç Mikrokredit» qeyri-bank kredit təşkilatı 2009-cu il ərzində Almaniya «Deutschbank»ından və bir sıra digər xarici maliyyə təşkilatlarından ümumilikdə 8 mln. ABŞ dolları həcmində kredit cəlb edəcək. Bunu «APA-Economics»ə açıqlamasında «Norveç Mikrokredit» təşkilatının icraçı direktoru Bəhmən Əsgərov bildirib.
B.Əsgərovun sözlərinə görə, növbəti il ərzində alman bankından başqa Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) da vəsait cəlb ediləcək. Bu vəsaitin həcmi 1,5 mln. dollar olacaq: «Təşkilatımız əməkdaşlıq etdiyi investorlardan əlavə yeni donor-təşkilatları ilə, o cümlədən «Triple Jump», «InkoFin» və digər qurumlarla danışıqlar aparır. Strateji plana uyğun olaraq, 2011-ci ilə qədər biz bu təşkilatlardan iri həcmli kreditlər cəlb etməyi planlaşdırırıq».
Qeyd edək ki, «Norveç Mikrokredit» indiyədək xarici donorlardan 9,5 mln. dollar həcmində vəsait cəlb edib.
B.Əsgərovun sözlərinə görə, bu il ərzində təşkilatın aktivləri 0,5% artaraq 14,3 mln. dollara çatacaq. Həmçinin, cari ilin sonuna xalis mənfəətin 1,7 mln. dollar təşkil edəcəyi gözlənilir ki, bu da müvafiq illik proqnozdan 17,6% azdır. B.Əsgərov təşkilatın xalis mənfəətində olan geriləməni dünya maliyyə bazarlarında baş verən proseslərlə əlaqələndirir.
Bununla yanaşı, «Norveç Mikrokredit» təşkilatı 2009-cu ildə nizamnamə kapitalını 2 dəfə artaraq 7 mln. dollara çatdırmağı planlaşdırır.
B.Əsgərov bildirib ki, növbəti il ərzində təşkilatın kreditlər üzrə faiz dərəcələrində də azalma gözlənilir. Hazırda kreditlər üzrə aylıq dərəcə 3% təşkil edirsə, 2009-cu ildə bu göstəricinin 2,5%-dək azaldılması nəzərdə tutulub.
Eyni zamanda, 2009-cu il ərzində təşkilat filial şəbəkəsini genişləndirərək əlavə 2 filial açmaq niyyətindədir. Filiallar respublikanın Zaqatala, Bərdə və Abşeron rayonlarını əhatə edəcək. Qeyd edək ki, hazırda «Norveç Mikrokredit» təşkilatının Azərbaycanın 20 rayonu üzrə 11 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, 1998-ci ildən fəaliyyət göstərən «Norveç Mikrokredit» qeyri-bank kredit təşkilatının təsisçisi əvvəl Norveç Qaçqınlar Şurası olub, hazırda isə «Kolibri Kapital» təşkilatıdır. Hazırda «NorMicro» təşkilatının kredit portfeli 14 mln. dollar, nizamnamə kapitalı isə 5,5 mln. dollardır. Təşkilat kreditləri maksimum 10 min manat məbləğində, 18-20 ay müddətinə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR