Bank Of Baku

Bu gün Azərbaycan parlamentində 2009-cu il dövlət büdcəsi layihəsinin geniş müzakirəsi başlanılır

Bu gün Azərbaycan parlamentində 2009-cu il dövlət büdcəsi layihəsinin geniş müzakirəsi başlanılır
# 11 noyabr 2008 07:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Milli Məclisində «2009-cu il dövlət büdcəsi haqqında» qanun layihəsi müzakirəyə çıxarılacaq.
«APA-Economics»in məlumatına görə, gələn il Azərbaycan dövlət büdcəsinin gəlirlərinin ÜDM-nin 27,9%-i həcmində və ya 12 177 mln. manat, xərclərinin isə ÜDM-nin 28,3%-i və ya 12 355 mln. manat olacağı gözlənilir. Bu göstəricilər 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 1,4% artıqdır.
Gələn il dövlət büdcəsindən ərzaq təhlükəsizliyi proqramına 60 mln. manat, kənd təsərrüfatı istehsalçılarına satılan motor yağları, mineral gübrələrin 50%-nin büdcədən ödənilməsi üçün 77 mln. manat, abadlaşdırma işləri və yolların tikintisinə 308 mln. manat, hazırda işləyən və gələn il fəaliyyətə başlayacaq diplomatik korpusların saxlanılmasına 52 mln. manat, Azərbaycanda və xaricdə keçiriləcək tədbirlərin maliyyələşdirilməsinə 14 mln. manat vəsait yönəldilməsi planlaşdırılır. Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində müdafiə xərcləri 1 205 mln. manat (əsaslı xərclər, investisiya qoyuluşları ilə birgə 1,8 mlrd. manat), sosial müdafiə və sosial təminat xərcləri üçün 1 134,4 mln. manat nəzərdə tutulub.
Gələn il sosial müdafiəyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,2%-ə çatacaq ki, bu da 2008-ci illə müqayisədə 1,8 faiz bəndi çoxdur. Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə 2008-ci ildə tətbiq edilmiş artımlar da nəzərə alınmaqla, 2009-cu ildə əmək pensiyalarının baza hissəsinin maliyyələşdirilməsinə 495 mln. manat (2008-ci ilə nisbətən 28,6% çox), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial xərclərin, o cümlədən ünvanlı dövlət sosial yardımın ödənilməsinə və digər tədbirlərin maliyyələşdirilməsinə 366,5 mln. manat (64,7% çox), qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə 199,6 mln. manat (24,6% çox) ayrılacaq.
Gələn il ilk dəfə olaraq kütləvi informasiya vasitələrinə dövlət yardımı xərcləri üçün 1,3 mln. manat, sosial ipotekanın maliyyələşdirilməsi üçünsə 14,5 mln. manat vəsait nəzərdə tutulub.
Qanun layihəsində qarşıdakı il üçün icmal büdcənin gəlirləri 22 680 mln. manat, xərcləri isə 14 758 mln. manat həcmində qeyd olunub. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 676 mln. manat təşkil etməklə bu ilə nisbətən 29,9% çox olacaq. DSMF-nin 2009-cu il büdcəsinin gəlirləri və xərcləri 1 775,547 mln. manat həcmində nəzərdə tutulur. Bu isə 2008-ci ilin analoji proqnoz göstəricisi ilə müqayisədə təxminən 17% çoxdur.
DSMF-nin 2009-cu il büdcəsinin gəlirlərinin 1 278,047 mln. manatı məcburi dövlət sosial sığorta haqları (2008-ci illə müqayisədə 23,4% çox), o cümlədən 460 mln. manatı büdcədən maliyyələşən təşkilatlar, 62,727 mln. manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlərdən, 20 mln. manatı dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar, 735,3 mln. manatı digər sığortaedənlər, 2,5 mln. manatı sair gəlirlər, 495 mln. manatı isə dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq. Məcburi dövlət sosial sığorta haqlarının büdcə təşkilatları üzrə artımı 13,9%, qeyri-büdcə təşkilatları üzrə 35,6% təşkil edəcək.
Fondun xərclərinin 1 707,475 mln. manatı əhaliyə ödənişlər, o cümlədən 1 660 mln. manatı əmək pensiyalarının ödənilməsinə (1 210,0 mlrd. manatı əmək pensiyalarının baza hissəsi (2008-ci ildən 24,4% çox), 450 mln. manatı sığorta hissəsi), 47,475 mln. manatı məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə yönəldiləcək.
Xatırladaq ki, 2009-cu il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu zaman neft hasilatı ilə məşğul olan ölkələrin proqnozları əsas götürülüb.
Qeyd edək ki, gələn il Azərbaycanda yaşayış minimumunun adambaşına 84 manat, əmək qabiliyyətlilər üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat, ehtiyac meyarının isə 55 manatdan 60 manata çatdırılması təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR