Azərbaycan Milli Bankdan «APA-Economics»ə verilən məlumata görə, pul kütləsinin strukturunda nağd pulların həcmi (M0 aqreqatı) 3 332,3 mln. manat təşkil edib. İlin əvvəlindən bu göstərici 43,9%, ötən ilin oktyabrın 1-nə nisbətən isə 77% artıb.
Pul kütləsində nağd pulların payı 65,9% təşkil edib. Bu göstərici ilin əvvəlində 61,6%-ə, ötən ilin oktyabrın 1-də isə 60%-ə bərabər olub. Beləliklə, pul kütləsində nağd pulların xüsusi çəkisi artmaqda davam edir:
Eyni zamanda, son illərin tendensiyanı nəzərə alsaq, görərik ki, 2000-2005-ci illərdə pul kütləsində nağd pulların xüsusi çəkisi daha yüksək olub. Məsələn, 2000-ci ildə bu göstərici 83%-ə bərabər olub.
Qeyd edək ki, M2-nin tərkibinə həm də manatla tələb olunanadək və manatla müddətli depozitlər daxildir. M2 aqreqatının bu tərkib hissələrinin artım tempi ilin əvvəlindən 11,5%, ötən ilin oktyabrından isə 37,5% təşkil edib ki, bu da pul kütləsinin əsasən nağd pulların hesabına artmasını göstərir.
Geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi isə bu ilin oktyabrın 1-nə 7 649,7 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 29,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 54,5% çoxdur. Geniş mənada pul kütləsinin tərkibinə M2 aqreqatı ilə yanaşı sərbəst dönərli valyutada depozitlər də daxildir. Bu göstərici son bir ildə 39,5%, cari ilin yanvar-sentyabr ayları ərzində isə 42,8% artaraq 2 135,3 mln. manata çatıb.