Bank Of Baku

Azərbaycanın bölgələrində bank kreditləşməsi azalır

Azərbaycanın bölgələrində bank kreditləşməsi azalır
# 12 noyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ayrılan kreditlərin ölkənin bölgələri üzrə təsnifatında regionların payı azalıb.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin oktyabr ayının 1-nə bankların məcmu kredit portfelinin (6 604,7 mln. manat) 86,6%-i Bakıdakı borcalanların payına düşür. Son bir ildə paytaxtın kredit portfelində xüsusi çəkisi 2,2 faiz bəndi artıb. Nəticədə, bank kreditləşməsində regionların payı il ərzində 16%-dən 13,4%-dək azalıb. O cümlədən, Sumqayıtın payı 2,5% (azalma – 0,3 faiz bəndi), Gəncənin - 1,9% (azalma – 0,6 faiz bəndi), Lənkəranın – 0,7% (artım - 0,1 faiz bəndi), Naxçıvanın – 0,3% (dəyişməyib), Abşeronun – 0,2% (azalma - 0,4 faiz bəndi) və digər şəhər və rayonların payı isə 7,8% (azalma – 1,4 faiz bəndi) təşkil edib.
Qeyd edək ki, kreditləşmənin bölgələr üzrə strukturu regionların iqtisadi fəallığını əks etdirən əsas göstəricilərdəndir, lakin Azərbaycanda bu prosesin bir sıra mühüm xüsusiyyəti var. Belə ki, regionlarda kreditlərin az miqdarda verilməsi yerli sahibkarların və ev təsərrüfatlarının kreditlərə tələbatın aşağı olması ilə deyil, əsasən bankların bölgələrdə işləmək arzusunda olmaması ilə bağlıdır. Burada həm regionlarda paytaxta nisbətən biznesin rentabelliyinin, ev təsərrüfatlarının qazancının daha aşağı olması, girovun banklar tərəfindən qeyri-likvid hesab edilməsi və s. kimi amillər mühüm rol oynayır.
Regionlara birbaşa bağlı olan kənd təsərrüfatı sektoruna verilən bank kreditlərinin həcmi isə ümumi kreditləşmənin 4%-nə bərabərdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, hazırda Azərbaycanda regionların inkişafına istiqamətlənmiş bir neçə proqram icra olunsa da, onların heç birində bank kreditləşməsinin stimullaşdırılması məsələsi nəzərə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR