Bir sıra ölkədə monetləşmə əmsalı adlanan bu göstərici son illər ərzində artım tendensiyası nümayiş etdirsə də, Azərbaycanda bu göstərici hələ də makroiqtisadi təhlildə qəbul olunan standartlardan aşağı səviyyədədir:
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu əmsal 90-120% təşkil edir, inkişafda olan ölkələrdə isə 70%-dən aşağı olmamalıdır, lakin əksər ölkələr bu göstəriciyə nail ola bilmir.
İqtisadiyyatın monetləşmə əmsalı iqtisadiyyatın pulla təmin olunması səviyyəsini əks etdirir. Klassik makroiqtisadi nəzəriyyədə bu əmsal ümumilikdə iqtisadiyyatda pulun iştirakını əks etdirsə də, son zamanlar bu aksioma şübhə altına alınıb, çünki o, ÜDM və pul kütləsi həcmləri arasında olan fərqin nədən yaranması sualına cavab vermir. Buna görə, monetləşmə əmsalı iqtisadiyyatda pul kütləsinin nisbətinin çox və ya az olduğunu əks etdirərək, pul kütləsinin artırılması və ya azalması zəruriliyini göstərir. Yəni, pul kütləsi normal hesab olunan səviyyədən az olduğu halda, onun artırılması zəruriliyi yaranır.
Bununla yanaşı vurğulanır olunur ki, pul kütləsinin artması inflyasiyanı stimullaşdırır. Lakin nəzərə alınmalıdır ki, bu, yalnız qeyri-sağlam iqtisadiyyata, o cümlədən qeyri-sağlam maliyyə sektoruna malik olan iqtisadiyyatlara aid edilə bilər. Belə ki, pul kütləsinin maliyyə sektoruna, o cümlədən real iqtisadiyyata kreditlərin və sərmayələrin artırılması yolu ilə genişləndirilməsi istehsalın artmasına, mayə dəyərinin aşağı salınmasına və nəticədə istehsal qiymətlərinin enməsinə səbəb olacaq.
Azərbaycanın bank sistemində isə investisiyaların aktivlərdə xüsusi çəkisi cəmi 5,6%-ə bərabərdir və onun əsas hissəsini bankların öz əsas vəsaitlərinə sərmayələri təşkil edir. Bundan başqa, bank kreditlərinin 64%-i qeyri-real sektora verilən ssudalardır. Bunları nəzərə alaraq təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda pul kütləsinin artırılması və bununla monetləşmə əmsalının yüksəldilməsi tələb edilən nəticəyə nail olmağa imkan verməyəcək. Analoji tendensiyalar saxlanılacağı təqdirdə Azərbaycanda monetləşmə əmsalının artırılması bilavasitə inflyasiyanı stimullaşdıracaq.
Eyni zamanda, monetləşmə əmsalı iqtisadiyyatda uzunmüddətli maliyyə vəsaitlərinin olmasını və dolayı yolu ilə iqtisadiyyata etibarın səviyyəsini əks etdirir. Əmsalın aşağı olması isə əksinə - iqtisadiyyatda qısamüddətli qoyuluşların üstünük təşkil etdiyini göstərir.