Bank Of Baku

Azərbaycanın bank sistemində akkreditivlərin payı tarixi maksimuma çatıb

Azərbaycanın bank sistemində akkreditivlərin payı tarixi maksimuma çatıb
# 14 noyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən aparılan akkreditiv əməliyyatlarının həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 35,910 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə, ilin əvvəlinə nisbətən isə 2,8 dəfə çoxdur.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, akkreditiv əməliyyatlarının həcminin bankların ümumi kredit portfelində xüsusi çəkisi son bir ildə 0,24 faiz bəndi, 9 ay ərzində isə 0,27 faiz bəndi artaraq 0,54%-ə çatıb. Qeyd edək ki, akkreditivlərin xüsusi çəkisi tarixi maksimuma çatsa da, bu hələ də çox aşağı göstərici hesab olunur.
Digər bank əməliyyatı olan faktorinq üzrə həcm oktyabrın 1-nə 20,74 mln. manat təşkil edib ki, burada son bir ildə 0,1% azalma, 9 ayı ərzində isə 2,1 dəfə artım qeydə alınıb. Faktorinq əməliyyatlarının ümumi kredit portfelində xüsusi çəkisi 0,31% təşkil edib ki, ötən ilin oktyabrın 1-nə bu göstərici 0,55%-ə, cari ilin əvvəlində isə 0,21%-ə bərabər olub. Qeyd edək ki, sentyabr ayında faktorinq əməliyyatlarının həcmi 19,940 mln. manat və ya 25 dəfə artıb.
Hesabat dövründə banklar tərəfindən verilən zəmanətlərin həcmi də kəskin azalıb. Belə ki, ötən ilin oktyabrın 1-nə banklar 18 mln. manat məbləğində, ilin əvvəlinə 17,37 mln. manat məbləğində zəmanət verdiyi halda, 2008-ci ilin oktyabrın 1-nə bu göstərici 0,54 mln. manata enib. Eyni zamanda, zəmanətlər üzrə əməliyyatların xüsusi çəkisi oktyabrın 1-nə 0,01% təşkil edib ki, bu göstərici ötən ilin eyni dövründə 0,48%, ilin əvvəlində isə 0,37% olub.
Qeyd edək ki, akkreditiv əməliyyatları çərçivəsində bank mal alıcısının əvəzində mal satıcısına pul ödəyir, ödənilən məbləğ isə bank tərəfindən alıcıya kredit kimi hesablanır. Faktorinq əməliyyatları isə müştəri tərəfindən onun debitor borcunun banka diskontla satılmasını nəzərdə tutur. Zəmanət əməliyyatları akkreditiv əməliyyatlara bənzəsə də, burada bank ödəniləcək məbləğin ödəniləcəyi barədə zəmanət verir və bu, sənədləşmiş bank öhdəliyi kimi rəsmiləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR