Bank Of Baku

Azərbaycan parlamenti 2009-cu il dövlət büdcəsinin layihəsi üzrə müzakirələrdə fasilə elan edib

Azərbaycan parlamenti 2009-cu il dövlət büdcəsinin layihəsi üzrə müzakirələrdə fasilə elan edib
# 14 noyabr 2008 12:22 (UTC +04:00)
«APA-Economics»in sözlərinə görə, öncə «2009-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihəsi barədə məlumat verilib. İclasda qeyd olunub ki, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 60 manat səviyyəsində nəzərdə tutulub.
Milli Məclisdə müzakirəyə çıxarılan ikinci məsələ «Kənd təsərrüfatı istehsalçılarına müddətli vergi güzəştlərinin edilməsi haqqında» qanunun müddətinin 2009-cu il yanvarın 1-dən daha 5 il müddətinə uzadılması olub.
Bundan sonra, Milli Məclisin 2009-cu il xərclər smetası haqqında qərarın layihəsi və Hesablama Palatasının xərclər smetasının layihəsi barədə məlumatlar verilib. Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev bildirib ki, 2009-cu il üçün Milli Məclisin və onun aparatının xərcləri 16,366 mln. manat həcmində hesablanıb. Bunun 72,5%-ni əməkhaqqı fondu təşkil edir. Xərclər smetasında ezamiyyə xərcləri üçün 1,8 mln. manat, rabitə xərcləri üçün 206,16 min manat, yanacaq və sürtgü materiallarının alınması və nəqliyyat xidmətlərinin ödənilməsi üçün 307,544 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat, qeyri-maddi aktivlərin alınmasına 300 min manat vəsait nəzərdə tutulur.
Hesablama Palatasının sədri Heydər Əsədov isə bildirib ki, palatanın 2009-cu il üçün xərcləri 3,585 mln. manat təşkil edəcək. Bunun 1,546 mln. manatı əməkhaqqı və sosial xərclərə yönəldiləcək. H.Əsədov əlavə edib ki, gələn il Hesablama Palatası yeni binaya köçəcək. Bu işlərə də müəyyən miqdarda vəsaitin xərclənməsi planlaşdırılır. Gələn il Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında idarəsinin fəaliyyətə başlayacağını deyən H.Əsədov bunun üçün palatanın xərclər smetasının müəyyən maddələrində yerdəyişmələrin aparılmasına zərurət yaranacağını vurğulayıb.
Daha sonra millət vəkillərinin qanun layihələri ilə bağlı fikir və təklifləri dinlənilib. Deputatlar əhaliyə ünvanlı sosial yardımların verilməsində daha çox problemlərin yarandığını və bu istiqamətdə müəyyən tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Millət vəkili Pənah Hüseyn isə Milli Məclisin aparatında çalışan texniki işçilərin əməkhaqlarının artırılması, eləcə də jurnalistlərin daha rahat işləmələri üçün şəraitin yaradılmasını təklif edib.
Təkliflər dinləniləndən sonra spiker Oqtay Əsədov adı çəkilən qanun layihələrinin Milli Məclisin növbəti iclaslarında səsverməyə çıxarılacağını bildirib. Spiker qeyd edib ki, hökumət deputatların irad və təkliflərini nəzərə alaraq büdcə layihəsi üzərində yenidən işləyərək yaxın 15 gün ərzində sənədi yenidən parlamentə təqdim edəcək.
Qeyd edək ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində nəzərdə tutulub. Bu göstəricilər 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR