Ümumilikdə isə, son iki il ərzində ölkənin rəsmi valyuta ehtiyatları üzrə kəskin artım tendensiyası müşahidə olunur:
Göründüyü kimi, ötən il Azərbaycan öz valyuta ehtiyatlarını təxminən 1,5 dəfə artırıb. Bu ilin əvvəlindən isə artım tempi 34% təşkil edib. Oktyabrın 1-dən müşahidə olunan valyuta ehtiyatların azalması dünyada maliyyə böhranı ilə əlaqədar Avropa Mərkəzi Bankı, Avropa ölkələrinin mərkəzi bankları və ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcələrinin aşağı salınması ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının azalmasının miqyası digər ölkələrin, o cümlədən Şərqi Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukraynanın valyuta ehtiyatlarının kəskin azalması ilə müqayisə oluna bilməz.
Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov aparıcı dövlətlərin mərkəzi bankları tərəfindən uçot dərəcələrinin endirilməsi nəticəsində valyuta ehtiyatları üzrə gəlirliyinin aşağı düşdüyünü etiraf edib və vurğulayıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları hər hansı bir ciddi itkilərə məruz qalmayacaq. Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatları əsasən dollar və avro ilə diversifikasiya olunub və nəticədə, bu valyutaların məzənnəsinin enib-qalxmasından asılıdır. Son vaxtlar avronun dünya bazarlarında kəskin ucuzlaşması nəticəsində valyuta ehtiyatlarının avroda ifadə edilən hissəsi ucuzlaşmaya məruz qalıb.